“Milli Bank” yazılan əskinazlara RƏSMİ MÜNASİBƏT

Azərbaycan Respublikasının yeni nəsil kağız pul nişanlarının üzərində yazılmış “Azərbaycan Milli Bankı” sözlərinin “Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəzlənməsi və bu pulların tədavüldə mövcudluğu ilə bağlı kütləvi informasiya vasitələri və əhali tərəfindən Mərkəzi Banka çoxsaylı suallar ünvanlanmışdır.

Bu müraciətləri nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən 01 yanvar 2006-cı il tarixdən tədavülə yeni nəsil pul nişanları buraxılmış və bu dövrdə istehsal olunmuş bütün nominallı kağız pul nişanlarının üzərinə “Azərbaycan Milli Bankı” sözləri yazılmışdır.

2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən “Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunu”na dəyişikliklər edilmiş və Qanunda “Milli Bankı” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilmişdir.

Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq bu dövrdən sonra istehsal olunmuş kağız pul nişanlarının üzərində “Azərbaycan Milli Bankı” sözləri “Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəz olunmuşdur.

Bildiririk ki, hazırda tədavüldə üzərində “Azərbaycan Milli Bankı” yazılan pul nişanları ilə yanaşı, Referendum Aktının qüvvəyə minməsindən sonra istehsal olunmuş və üzərində “Azərbaycan Mərkəzi Bankı” sözləri yazılmış 1, 5 və 100 manatlıq kağız pullar mövcuddur. Gələcəkdə digər nominallı pulların istehsalı zamanı onların da üzərində “Azərbaycan Milli Bankı” sözləri “Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəz ediləcəkdir.

Bununla əlaqədar, Azərbaycan Mərkəzi Bankı bütün informasiya vasitələrini və əhalini xəbərdar edir ki, Mərkəzi Bank tərəfindən 01 yanvar 2006-cı il tarixindən etibarən tədavülə buraxılmış bütün nominallarda milli pul nişanları üzərində “Azərbaycan Milli Bankı” və “Azərbaycan Mərkəzi Bankı” sözlərinin yazılmasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq eyni dərəcədə tədavül vasitəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır