Milli Depozit Mərkəzi “Elektron xidmətlər” sistemini istifadəyə verib

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən investorların rahatlığının təmin edilməsi məqsədi ilə “Elektron xidmətlər” sistemi istifadəyə verilib. Yeni sistem müasir dövrün tələblərinə cavab verməklə real vaxt rejimində çalışan proqram təminatıdır.

Sistemə daxil olmaq üçün istifadəçi “ASAN İmza”ya malik olmalıdır. “ASAN İmza” vasitəsilə hər bir istifadəçi depo hesabı səhifəsinə daxil olaraq mülkiyyətçisi olduğu qiymətli kağızların emitentləri, sahibi olduğu qiymətli kağızların miqdarı, onların öhdəliklərlə yüklənib-yüklənməməsi barədə məlumatları əldə edə bilər.  Həmçinin, istifadəçinin mülkiyyətçisi olduğu qiymətli kağızların əməliyyatları barədə məlumatlar da depo hesabında əks olunur.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının vətəndaşı olan qiymətli kağızlara sahib fiziki şəxslər “Elektron xidmətlər” sistemindən istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır