Mobil internetin sürətinə görə MDB ölkələri arasında ikinciyik

Mobil və sabit genişzolaqlı internet sahəsində ixtisaslaşan beynəlxalq “Ookla” şirkəti tərəfindən müntəzəm olaraq “Speedtest Global Index” hesabatının sentyabr ayı üzrə göstəriciləri açıqlanıb. Hesabatda mobil və sabit genişzolaqlı internetin sürətinə əsasən ölkələrin sıralaması yer alır. Sıralamada ölkələrin ardıcıllığı meqabit/saniyə (mbps) ölçü vahidi əsasında təyin edilir.

Mobil internetin sürətinə lider ölkə Cənubi Koreya (95.11 mbps) olub. İkinci yeri Qatar (69.05 mbps), üçüncü yeri isə Norveç (68 mbps) tutub. İlk beşlik BƏƏ(65.38 mbps) və Avstraliya (65 mbps) ilə tamamlanır. Azərbaycan siyahıda 31.84 meqabit/saniyə ortalama sürət ilə 53-cü yerdə qərarlaşıb. Qeyd edək ki, sözügedən göstərici üzrə ölkəmiz Cənubi Qafqaz regionu üzrə liderdir və MBD ölkələri arasında yalnız Moldova Respublikasından (35.91 mbps) geri qalır. Siyahıda sonuncu yerdə  6.55 mbps ilə Əfqanıstan yer alır.

Sabit genişzolaqlı internet üzrə renkinqdə də ilkin yerləri Asiya ölkələri tutublar. Birinci, ikinci və üçüncü yerlər müvafiq olaraq Sinqapur (196.88 mbps), Honk Konq (160.23 mbps) və Cənubi Koreyaya (151.70 mbps) layiq görülüb. İlk beşlik Rumıniya (140.25 mbps) və Monako (133.91 mbps) ilə tamamlanır. Azərbaycan (18.54 mbps) siyahıda ötən ilə nəzərən iki pillə irəliləyərək 120-ci yerdə qərarlaşıb. Sonuncu yerdə isə Türkmənistan (2.19 mbps) qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır