Geosiyasi münaqişələr alternativ ticarət marşrutlarının, o cümlədən Mərkəzi Asiya və Qafqazı birləşdirən Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) inkişafını daha da zəruri edib.
“Report”un məlumatına görə, “Moody’s” beynəlxalq reytinq agentliyi bildirir ki, marşrut üzrə tranzit həcmlərinin və investisiyaların artımı sürətlə davam edir və ilk növbədə Qazaxıstan (Baa1, proqnoz – sabit), Azərbaycan (Baa3, proqnoz – müsbət) və Gürcüstana (Ba2, proqnoz – mənfi) fayda gətirir.
Agentliyin qiymətləndirməsinə əsasən, Orta Dəhlizin inkişafı region ölkələrinin suveren kredit keyfiyyətini gücləndirir, iqtisadiyyatların şaxələndirilməsinə müsbət təsir göstərir və xarici investorların marağını artırır. Bu, hökumətləri institutları beynəlxalq standartlara uyğunlaşdırmağa da təşviq edir.
“Moody’s” qeyd edir ki, dövlətin infrastruktur xərcləri artsa da, fiskal imkanlar və güzəştli maliyyəyə çıxış bu yükü kompensasiya edir.
Hesabata görə, region ölkələrinin bank sektoru da bu prosesdən dolayı fayda əldə edir. Qısamüddətli maliyyələşmədən yüksək asılılıq və kapitalın dəyəri bankların birbaşa infrastruktur layihələrini maliyyələşdirməsini məhdudlaşdırır, lakin onlar subpodratçıların və əlaqəli sahələrin kreditləşdirilməsi yolu ilə qazanclar əldə edirlər.
Korporativ sektor və KOB-lar da iqtisadi fəallığın artmasından faydalanır. Tranzit axınlarının çoxalması və infrastruktur investisiyaları nəqliyyat, logistika və tikinti sahələrindəki şirkətləri dəstəkləməklə yanaşı, ixracatçıların yeni bazarlara çıxışına da imkan yaradır.
“Moody’s” xüsusilə Qazaxıstanın milli dəmiryol operatoru “Kazakhstan Temir Zholy” SC-nin roluna diqqət çəkir. Şirkət strateji mövqeyi və dövlət dəstəyi hesabına tranzit artımının əsas benefisiarıdır.
Bununla yanaşı, agentlik Orta Dəhlizin tam potensialının hələ üzə çıxmadığını və prosesin qarşısında bir sıra məhdudiyyətlərin olduğunu vurğulayır. Bunlara dəmir yollarının ötürmə qabiliyyətinin zəifliyi, köhnəlmiş logistika, liman infrastrukturunun yetərsizliyi, eləcə də gömrük və normativ prosedurlarda koordinasiya çətinlikləri daxildir.