Nağdlaşdırma zamanı 1%-lik vergini kimlər ödəyəcək?

Bank hesablarından pul vəsaitlərinin nağd qaydada çıxarılması zamanı 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması yalnız sadələşdirilmiş vergi ödəyicilərinəmi aid edilir?

BBN.az saytı Vergilər qəzetinə istinadən xəbər verir ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Bu haqda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva açıqlama verib.

“Vergi Məcəlləsində (VM) qeyd olunan müddəalara əsasən, hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru VM-nin 220.12-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini hesablamağa, vəsaiti alan şəxsin bank hesabından tutmağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.

Bank hesablarından pul vəsaitlərinin nağd qaydada çıxarılması zamanı 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vergi orqanında uçotda olan hüquqi şəxslərə və fərdi sahibkarlara, o cümlədən ƏDV qeydiyyatında olan, sadələşdirilmiş verginin ödəyicisi olan, mənfəət və ya gəlir (xüsusi notariuslar istisna olmaqla) vergisinin ödəyicisi olan şəxslərə aid edilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır