Naxçıvanda DOST Mərkəzinin açılışı istiqamətində tədbirlər həyata keçirilir

DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında yaşayan vətəndaşlarımızın da DOST xidmətlərindən yararlanmaları istiqamətində işlər aparılır. Yaxın zamanlarda Muxtar Respublikada DOST Mərkəzinin açılışı planlaşdırılır.

Muxtar Respublikada fəaliyyət göstərəcək DOST Mərkəzinin kadr ehtiyatının formalaşdırılması və onların təcrübə keçmələri üçün tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun bir sıra əməkdaşı DOST Mərkəzlərində təcrübə keçmələri üçün paytaxt Bakıya ezam olunublar. Onların DOST mərkəzləri üzrə bölgüsü həyata keçirilib. Əməkdaşlar mərkəzlərdə xidmət prosesi, dəyərlər və prinsiplər barədə məlumatlandırılıb və tərtib edilmiş proqram çərçivəsində təlimlərə cəlb olunublar.

Əməkdaşlar Agentliyin DOST Xidmətləri departamentinin rəhbərliyi ilə görüşüblər. Görüş zamanı qazanılmış təcrübələr barədə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb. DOST konsepsiyasının dövlət sosial xidmətlər sisteminə gətirdiyi innovasiyalar barədə məlumat verilib. Bu innovasiyaların sosial sahədə 159 xidmətin “bir pəncərə”dən, şəffaf, çevik, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan yaratdığı diqqətə çatdırılıb.

DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və Strukturu Prezidentin 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən təsdiq olunub. 9 may 2019-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk DOST Mərkəzinin açılışı baş tutub. İndiyədək ölkə üzrə 7 DOST Mərkəzi və 1 “Smart DOST” məntəqəsi fəaliyyətə başlayıb. Bu müddət ərzində 2 milyondan çox vətəndaşa xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 98%-dən çoxdur.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı