Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Dəyişiklik 5 oktyabr 2015-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nı əhatə edir.
Qərara əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim olunan sənədlərdə torpaq sahəsinin kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlarla uyğun gəlmədikdə, qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili aparılacaq.
Araşdırmanın nəticəsində təqdim edilən sənədlərdə göstərilən məlumatların doğruluğu təsdiqlənərsə, əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaq kadastrında müvafiq düzəlişlər ediləcək.
Qeyd edək ki, dəyişiklik daşınmaz əmlakın qeydiyyatı prosesində məlumat uyğunsuzluqlarının aradan qaldırılması və prosedurun daha dəqiq tənzimlənməsinə xidmət edir.