Neft Fondunun aktivləri 2% artıb

2016-cı ilin ilk rübünün sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon dollar) nisbətən 2% artaraq 34 246 milyon dollara bərabər olub.

Bu haqda ARDNF  məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 2016-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 2 023,1 milyon manat, büdcə xərcləri isə 1 946,7 milyon manat təşkil edib.

2016-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 874,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 869,8 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 4,4 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 148,8 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 354,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində, ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 1 660 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 6,3 milyon manat, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 2,4 milyon manat vəsait ayrılıb. 5 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 milyon manat vəsait ayrılıb.  2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 4,6 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır