Neft nəhəngi “Aramco” dünyanın ən dəyərli şirkəti oldu

Səudiyyə Ərəbistanının ən böyük şirkəti olan “Saudi Aramco” yeni rekorda imza atıb. Belə ki, öz səhmlərinin ilkin ictimai təklifindən (IPO) 25.59 milyard dollar gəlir əldə edən şirkət Çinin elektron ticarət nəhəngi “Alibaba”nın rekordunu təzələyib. “Alibaba” şirkəti 2014-cü ildə New York birjasında təşkil olunan IPO-dan 21.8 milyard dollar gəlir əldə edib.

IPO-da şirkət səhmlərinin ancaq 1.5%-lik hissəsi (3 milyard səhm) satışa buraxılıb. Səhmbaşına təklif edilən ən yüksək məbləğ isə 32 Səudiyyə Ərəbistanı riyalı (8.53 ABŞ dolları) olub. Həmçinin, IPO çərçivəsində edilən investisiyaların 106 milyard dolları korporativ, 119 milyard dolları isə fərdi sərmayəçilərin payına düşüb.

Şirkətin 1.5%-lik səhm payının 25.59 milyard dollara satılmasına istinadən, “Saudi Aramco” şirkətinin ümumi bazar kapitalizasiyası 1.7 trilyon ABŞ dolları olaraq təyin edilib. Bununla da neft nəhəngi, 1.1 trilyon dollarlıq bazar kapitalizasiyasına malik olan ən yaxın rəqibi “Apple” şirkətini geridə qoyaraq dünyanın ən dəyərli şirkətinə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır