“Neftçala Sənaye Məhəlləsi”-də avtomobil zavodunun əsası qoyulub

İqtisadiyyat Nazirliyinin açıqladığı  məlumata əsasən, cari ilin avqust ayının 6-da Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin İran İslam Respublikasının “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun təməli qoyulub. Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, istehsal gücü ildə 10 000 ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 15 mln. ABŞ dolları olan layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb. İyun ayında isə avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır