Növbəti “KOB Dostu” Xaçmaz və Siyəzəndə istifadəyə verilib

Dekabrın 3-də Xaçmazda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) xidməti sahibkarların istifadəsinə verilib.

Qeyd edək ki, ilk “KOB Dostu” bu ilin sentyabrında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Masallı Sənaye Məhəlləsinin açılışı çərçivəsində Masallıda fəaliyyətə başlayıb.

Növbəti “KOB Dostu” İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və  Siyəzən Gənclər Evində  fəaliyyətə başlayıb. “KOB Dostu” kiçik və orta biznesin dostu konsepsiyasına uyğun olaraq, Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara çoxsaylı xidmətlər təklif edəcək, biznesin qurulmasına və genişləndirilməsinə müxtəlif mexanizmlər vasitəsilə dəstək olacaqdır.

Bununla bağlı keçirilmiş tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən olduğunu vurğulayıb, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılmasının da bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, “KOB Dostu” sahibkarlarla sıx işləyən və onlara hərtərəfli dəstək göstərən mexanizmdir. Artıq ilk “KOB Dostu” Masallıda fəaliyyət göstərməklə sahibkarlarla sıx və səmərəli əməkdaşlıq edir. Masallı, Xaçmaz və Siyəzən rayonları ilə yanaşı, ölkənin digər iri şəhər və rayonlarında da “KOB Dostu” və Agentliyin digər dəstək mexanizmlərinin tətbiqi istiqamətində işlər aparılır.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov çıxışında  “KOB Dostu”nun regionda sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafında əhəmiyyətini vurğulayıb.

Sonra “KOB Dostu” ilə bağlı təqdimat keçirilib. Təqdimatda “KOB Dostu”nun fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə ətraflı məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

Tədbir iştirakçıları “KOB Dostu” ofisi ilə tanış olublar. Burada “KOB Dostu”nun fəaliyyəti və sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb, texniki avadanlıqlar, internet və digər kommunikasiya vasitələri, maarifləndirici vasitələrlə təmin olunub.
Sahibkarlar “KOB Dostu”nun Xaçmazda fəaliyyətə başlamasından məmnunluqlarını bildirib, “KOB Dostu”nun göstərəcəyi çoxsaylı xidmətlərin sahibkarların işini daha da asanlaşdıracağını, biznes fəaliyyətinin qurulmasında və inkişafında əhəmiyyətli olacağını vurğulayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır