Ölkədə ilk “Smart tələbə kartı”nın təqdimolunma mərasimi keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində Mərkəzi Bank, Təhsil Nazirliyi, “Mastercard” beynəlxalq kart təşkilatı və Kapital Bankın dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Smart tələbə kartı” layihəsi reallaşdırılmışdır.

Bu münasibətlə UNEC-də ölkə ali təhsil müəssisələri arasında ilk dəfə olaraq tətbiq olunan “Smart tələbə kartı”nın təqdimolunma mərasimi keçirilmiş və universitetin birinci kursunda təhsil alan 20 nəfər Prezident Təqaüdçüsünə smart tələbə kartları təqdim olunmuşdur.

Tədbirdə Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, UNEC-in rektoru, professor Ədalət Muradov, “Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar, Kapital Bankın Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə, ali təhsil müəssisələrinin rəhbərləri, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak etmişdir.

Rektor Ədalət Muradov dünyanın aparıcı universitetlərinin tətbiq etdiyi “Smart tələbə kartı”nın ölkədə ilk dəfə UNEC tələbələrinin sahib olmasından qürur duyduğunu ifadə etmişdir. Professor Ədalət Muradov UNEC-də son 5 ildə uğurla tətbiq olunan elektron universitet modelinin üstünlüklərindən söz açmış, “Smart tələbə kartı”nın həmin model çərçivəsində həyata keçirildiyini qeyd etmişdir.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən bu layihənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafında mühüm dəstək olacağını qeyd etmişdir. Alim Quliyevin sözlərinə görə cəmiyyətin gənc təbəqəsinin ödəniş bazarına daxil olmasına imkan yaratmaqla, ölkədə müasir ödəniş həllərinin tətbiqinin artırılmasına və “nağdsız cəmiyyət”in formalaşdırılmasına doğru daha bir addımın atılmasına nail olmaq mümkündür. Ali təhsil məktəblərinin tələbələrinin bu layihəyə cəlb edilməsi bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradır. “Smart tələbə kartı”nın ölkə ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də tətbiqinin təsadüfi olmadığını deyən Mərkəzi Bankın rəsmisi, universitetin son 5 ildə innovativ layihələri ilə öndə olduğunu diqqətə çatdırmışdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov dünyanın aparıcı universietlərinin “Smart tələbə kartı” təcrübəsinin Azərbaycan universitetlərində tətbiqini yüksək qiymətləndirərək, smart tələbə kartının əhəmiyyəti və istifadə imkanlarından danışmışdır.

Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar yeni yaradılan məhsulun tələbələrə verəcəyi üstünlüklərindən danışaraq, təmsil etdiyi qurumun Azərbaycanda ilk dəfə ölkə miqyasında belə bir layihənin realizsiyasında iştirak etməsindən qürur duyduğunu bildirmişdir.

Kapital Bankın Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə smart tələbə kartlarının funksionallığı və ödəniş imkanları haqqında təqdimatla çıxış etmişdir. Təqdimatda smart tələbə kartı vasitəsilə təqaüdlərin alınması, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərin həyata keçirilməsi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, regionlarda yaşayan valideynlər övladlarının smart tələbə kartlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək, tələbələr isə smart kartdan universitetə, UNEC-in 24/7 kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanmışdır.

Xatırladaq ki, tədbir Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı və Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə 29 oktyabr – 08 noyabr 2019-cu il tarixləri ərzində təşkil edilən “Nağdsız Cəmiyyət Günləri” çərçivəsində keçirilmişdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır