Ölkədə illik inflyasiya tempi azalmışdır

Pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempi azalmışdır. Rəsmi statistikaya görə 2022-ci ilin fevral ayında inflyasiya 1.1% olmuş, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 11.9% artmışdır.

İllik inflyasiya tempinin azalması qeyri-ərzaq məhsulları və xidmətlərin bahalaşma tempinin nisbətən azalması ilə bağlıdır. Fevralda illik əsasda qiymət artımı qeyri-ərzaq məhsulları üzrə 6%, xidmətlər üzrə isə 9.3% təşkil etmişdir.

İllik ərzaq inflyasiyasının tempinin yüksək səviyyədə qalması (17.2%) dünya birjalarında ərzaq məhsullarının bahalaşmaqda davam etməsindən əhəmiyyətli təsirlənir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri son 2 ayda 5.2%, son bir ildə isə 20.7% artmışdır. Son ildə qiymətlər un məmulatları üzrə 14.8%, süd məhsulları üzrə 24.8%, yağlar üzrə 36.8% yüksəlmişdir. Geosiyası və geoiqtisadi risklər səbəbindən buğda qıtlığı ilə bağlı ehtimallar buğdanın qiymətini son 14 ilin maksimumuna çatdırmışdır. Ərzaq məhsulları istehsalının daralması, bəzi ölkələrdə ərzaq məhsullarının ixracının qeyri-müəyyən dövrə qadağan olması qlobal ərzaq məhsullarının qiymətlərinə artırıcı təsir göstərən amillərdən hesab edilir.

Mart ayında keçirilmiş sorğunun nəticələrinə görə sorğuya cəlb edilən ev təsərrüfatlarının 24%-dən çoxu inflyasiya tempinin daha da yüksələcəyini gözləyir. Müəssisələr arasında aparılan sorğulara görə fevral ayında əvvəlki ayla müqayisədə inflyasiya gözləntiləri qeyri-neft sənayesində artmışdır. Ticarət və xidmət sektorlarında da inflyasiya gözləntiləri pozitiv zonada qalır.

Yüksək qeyri-müəyyənliklər inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir. Cari ilin ilk 2 ayında faktiki inflyasiyanın dinamikası proqnozlaşdırılan trayektoriyaya uyğun olsa da geosiyasi və geoiqtisadi risklərlə bağlı yaranmış yeni şərait reallaşan və potensial təsirləri inflyasiyanın proqnoz variantlarına yenidən baxmaq zərurəti yaratmışdır. Fevral ayının sonlarından başlayaraq birja əmtəələrinin qiymətlərinin kəskin yüksəlməsi tərəfdaş ölkələrdə, xüsusən də enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərini daha da yüksəltməkdədir. Tərəfdaş ölkələrin bəzilərində milli valyutaların kəskin ucuzlaşması bu ölkələrdə inflyasiyanın Azərbaycana idxalını məhdudlaşdırır. Digər tərəfdən Azərbaycanın əsas ixrac əmtəələrinin bahalaşması qiymətlər sabitliyinin əsas lövbərini – milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyir.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bakı metrosu ilə sərnişindaşıma 4%-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı