Ölkənin Xaçmaz və Quba rayonlarında istismarına icazə verilən obyektlərə çıxarış verilib

Xaçmaz və Quba rayonlarında istismarına icazə verilən obyektlərin çıxarışları sahibkarlara təqdim olunub. Bu günədək ölkə üzrə 419 qeyri-yaşayış obyekti ilə bağlı mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
 
Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir. Fərmanın icrası çərçivəsində 22 may tarixində Xaçmaz və Quba rayonlarında bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.
Qeyd edək ki, bu ilin 15 may tarixinədək 6413 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim olunub, 419 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, hüquq sahibləri elektron çıxarışla təmin ediliblər.
Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına şərait yaradır. Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Sahibkarlıq subyektlərinin əmlakına mülkiyyət hüquqlarının tanınması yeni iş yerlərinin açılmasına, sosial ödənişlərin həcminin artmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli töhfə verir.  Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından xüsusi önəm kəsb edir.
 
Məlumat üçün: Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları əhatə edir. Bu cür obyekt sahibləri 1 yanvar 2025-ci ilədək qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

DSMF-nin xərcləri 13,6% artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı