Opsiyonlarla manipulyasiyalar hələ də aktualdır – Harvard Business Review

20 il əvvəl bilinirdi ki, şirkətlər çox vaxt top-menecerlərini səhmlərin artımına gətirib çıxaran müsbət xəbərlərin dərcindən az əvvəl opsiyonlarla (Bu, sahibinə müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən qiymətli kağızdır) mükafatlandırır: bu ağlagəlməz təsadüflər menecerlərin real mükafatlarını artırır. Daha sonra aşkar edildi ki, şirkətlər opsiyonların təqdim edilməsi tarixlərini dəyişirlər ki, qazancı maksimal dərəcədə artıra bilsinlər. 2000-ci illərin əvvəllərində belə hiylələr şirkətlərə rəhbərlərin hərəsində ildə 500 min dollar ödəməyə imkan verirdi. 2003-cü ildən 2010-cu ilədək Qiymətli Kağızlar və Birjalar üzrə Komissiya (SEC) 32 şirkətə, o cümlədən Apple-a qarşı müvafiq mülki iddialar qaldırdı.

Opsiyonların verilmə tarixlərinin köhnə tarixə dəyişilməsi 2002-ci ildəki Sarbeyns-Oksli qanunu ilə qadağan olsa da, SEC bu qanuna riayət olunmasına nail ola bilmədi.

Bu cür fırıldaqçılıq hallarının sayının azalıb-azalmadığını Miçiqan Universiteti yanında Ross Biznes Məktəbinin alimləri araşdırdı. 2008-ci ildən 2014-cü ilədək verilmiş 1,4 milyon opsiyonla bağlı materialda onlar tarixlərin dəyişilməsi, opsiyonların verilməsindən az əvvəl qiymətlərin kəskin azalması üçün mənfi xəbərlərin dərci əlamətlərini axtarırdı.

Araşdırıcılar şrikətlərin opsiyonlar barədə olduqca cəld məlumat vermələrinə diqqət yetirirdilər. Məlum oldu ki, 90% hallarda onlar SEC-i onun tələbinə uyğun olaraq 2 gün müddətində məlumatlandırırlar, amma qalan 10% hallarda bəzən 60 gündən artıq çəkən uzunmüddətli ləngimələr mövcuddur. Qeyri-adi nümunələr axtarışında  səhmlərin qiymətlərini və onların gəlirliliyini (orta bazar göstəriciləri ilə müqayisədə) öyrənən alimlər aşkar etdilər ki, ləngimə ilə dərc edilən opsiyonlar, böyük ehtimalla, sahibinə qeyri-proporsional yüksək gəlir gətirir, ləngimə nə qədər uzunmüddətlidirsə, qazanc bir o qədər böyükdür  (orta hesabla, 60 gündən sonra dərc edilən opsiyonlar gözləniləndən 8% artıq gəlir gətirir).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır