Bakıda keçirilən “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda çıxış edən Orxan Nəzərli bildirib ki, ölkədə iqtisadi aktivliyin artımının təxminən yarısı iqtisadiyyatın “ağarması” effekti ilə əlaqədardır.
Dövlət Vergi Xidmətinin rəisinin sözlərinə görə, 2025-ci ildə qurumun üzərinə düşən fiskal daxilolmaların həcmi 24,2 milyard manata yaxın olub və bu göstərici ümumi fiskal yığımların 79,1%-ni təşkil edib.
O qeyd edib ki, ötən il dövlət büdcəsinə vergi daxilolmaları 16,4 milyard manat olub. Bu məbləğin 12 milyard manatdan çoxu isə qeyri-neft-qaz sektorunun payına düşüb. Həmin sektordan daxilolmalar əvvəlki illə müqayisədə 1 milyard manat artıb.
Orxan Nəzərli əlavə edib ki, qeyri-neft-qaz sektorunun ümumi vergi daxilolmalarında payı 72,4%, özəl sektor üzrə isə 76% təşkil edib.
DVX rəhbərinin sözlərinə görə, əldə olunan müsbət dinamika təkcə inzibati nəzarətin gücləndirilməsi ilə bağlı deyil. Bu artım həm də iqtisadi fəaliyyətin leqallaşdırılması və vergi ödəyiciləri ilə qarşılıqlı etimadın güclənməsi ilə əlaqədardır.
Mənbə: apa.az