Dünyanın aparıcı brendləri arasında ötən il ən çox dəyər itirən şirkətlərin reytinqi açıqlanıb.
BBN.az xəvər verir ki, məlumatlar Brand Finance şirkətinin hazırladığı “Global 500 2026” hesabatına əsaslanır və qlobal brendlərin illik brend dəyərindəki dəyişiklikləri göstərir.
Reytinqə görə, ötən il brend dəyərini ən çox itirən şirkət Tesla olub. Şirkətin brend dəyəri bir il ərzində 15 milyard dollar azalaraq təxminən 43 milyard dollardan 28 milyard dollara düşüb.
Siyahıda ikinci yerdə Agricultural Bank of China qərarlaşıb. Bankın brend dəyəri 7 milyard dollar azalaraq 63 milyard dollara enib.
Üçüncü yerdə Mercedes-Benz yer alır. Alman avtomobil istehsalçısının brend dəyəri 6 milyard dollar azalaraq 47 milyard dollar səviyyəsində qiymətləndirilib. Eyni həcmdə azalma Porsche brendində də qeydə alınıb və şirkətin brend dəyəri 35 milyard dollar təşkil edib.
Reytinqdə növbəti pillədə telekommunikasiya sahəsində fəaliyyət göstərən Xfinity brendi qərarlaşıb. Şirkətin brend dəyəri ötən il 5 milyard dollar azalaraq 25 milyard dollara düşüb.
Siyahıda lüks moda brendləri də yer alır. Louis Vuitton və Chanel brendlərinin hər biri ötən il 4 milyard dollar brend dəyəri itirib. Hazırda Louis Vuitton brendinin dəyəri 29 milyard dollar, Chanel brendinin dəyəri isə 34 milyard dollar səviyyəsində qiymətləndirilir.
İlk onluğu ABŞ-da fəaliyyət göstərən CVS şirkəti tamamlayır. Şirkətin brend dəyəri ötən il 3 milyard dollar azalaraq 25 milyard dollar təşkil edib.
Hesabatda qeyd olunur ki, brend dəyəri şirkətin bazar kapitallaşmasını deyil, onun brendinin biznesə verdiyi iqtisadi töhfəni ifadə edir. Qiymətləndirmə zamanı marketinq fəaliyyəti, brendin gücü və maliyyə göstəriciləri kimi amillər nəzərə alınır.