Özəlləşdirmədə növbəti iştirak imkanı: 87 dövlət əmlakı 20 avqust hərracında

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən hərrac xidmətləri hər kəsin dövlət əmlaklarının özəlləşdirilməsində rahat iştirakını təmin edir. Cəlbedici əmlakların hərraca çıxarılması ilə investorlar faydalı sahə, qiymət, ərazi, torpaq sahəsi baxımından müxtəlif olan dövlət obyektləri üzrə seçim edə bilər. Komitə tərəfindən özəlləşdirmədə növbəti iştirak imkanı 20 avqust tarixindəki hərracda yaradılacaq. Bu dəfə prosesə ümumilikdə 87 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyəti, 12-si qeyri-yaşayış sahəsi, 5-i yarımçıq tikili, 18-i isə nəqliyyat vasitəsidir.

Özəlləşdirməyə qoşulmaq istəyən şəxslər onlayn formada qeydiyyatdan keçərək seçdiyi dövlət əmlakının ilkin qiymətinin 10%-i həcmində behi ödəyib hərracda iştirak statusu qazana bilər. Bunun üçün komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az)  daxil olmaq kifayətdir. Qeyd edək ki, komitənin keçirdiyi hərraclarda istənilən şəxs sifarişçi və müşahidəçi kimi həm canlı, həm də onlayn formada iştirak edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır