Özbəkistanın Baş nazirinin müavini “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanovla görüşüb

Noyabrın 17-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov arasında görüş keçirilib.

Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov Azərbaycana yenidən səfər etməkdən məmnun olduğunu söyləyib. Qeyd edib ki, Özbəkistan Azərbaycanla bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı mövcud imkanlardan tam istifadə olunmasında maraqlıdır.

SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycanın regional və qlobal əhəmiyyətli layihələrdə öncül rol oynadığını xatırladaraq, bu layihələr çərçivəsində qazanılan təcrübə və nailiyyətlərin “Özbəkneftqaz” şirkəti ilə əməkdaşlığın inkişafında faydalı olacağını və gələcək layihələr üçün etibarlı zəmin yaradacağını söyləyib. Bildirib ki, “Özbəkneftqaz” şirkəti ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə neft-qaz layihələrinin həyata keçirilməsi üçün böyük perspektivlər var və iki şirkətin ekspertləri bu perspektivləri səylə araşdırıblar. R.Abdullayev şirkətlər arasında mövcud Memorandum çərçivəsində diqqət mərkəzində olan istiqamətlərdə konkret fəaliyyətlərə tezliklə start veriləcəyinə əminliyini ifadə edib.

Özbəkistan Respublikasının Baş nazirinin müavini, “Özbəkneftqaz” şirkətinin İdarə Heyətinin sədri Alişer Sultanov nəzərdə tutulan istiqamətlər üzrə işçi qruplarının yaradılmasını əməkdaşlığın dərinləşdirilməsində mühüm irəliləyiş olduğunu bildirib, gələcək birgə layihələrin Azərbaycan və Özbəkistan xalqlarının rifahına xidmət edəcəyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər üzrə ətraflı müzakirə və fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır