Özbəkistanın İnvestisiya və xarici ticarət naziri Maliyyə Nazirliyində olub

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov oktyabrın 14-də Özbəkistan Respublikasının İnvestisiya və xarici ticarət naziri Sardor Umurzakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanla Özbəkistan arasında mövcud olan yüksəksəviyyəli siyasi əlaqələrin önəmi qeyd edilərək iki ölkə arasında investisiya, ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

S.Şərifov ölkəmizin makroiqtisadi vəziyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, maliyyə və bank sektorlarının gücləndirilməsi tədbirləri, investisiya siyasəti, ölkədə işgüzar mühitin yaxşılaşdırılması və asanlaşdırılması, əhalinin sosial müdafiəsi, eləcə də digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, özəl sektorun daha da inkişafının dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. 

İki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşən S.Umurzakov Azərbaycanla ümumi ticarət dövriyyəsinin daha da artırılması, ticarət, sənaye, kənd təsərrüfatı maşınqayırması, xidmət və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. O, Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələrin yekunu olaraq hazırlanan bir sıra sazişlərin imzalanmasının iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını qeyd edib.  

Görüş zamanı həmçinin, makroiqtisadi və makrofiskal, maliyyə və büdcə idarəetməsi, qarşılıqlı təcrübə mübadilələri və digər istiqamətlər üzrə də əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır