Pandemiya dövründə Azərbaycan iqtisadiyyatında hansı işlər görülmüşdür?

İlk aylardan etibarən Çində özünü göstərən yeni koronavirus növü (COVID-19) və onun pandemiyaya çevrilmə potensialı haqqında xəbərlər dünya gündəmini əhatə etməyə başladı. Vaxt keçdikcə, bu virusun sürətlə yayıldığının, iqtisadi gücündən, iqlim şəraitindən və coğrafi yerləşməsindən asılı olmayaraq, artıq bütün ölkələrin onunla mübarizə aparmalı olduğunun şahidi olduq. Bu son dövrlər üçün analoji olmayan bir hadisə idi və qeyri-ənənəvi həll yolları tələb edirdi.

Bank maliyyə sektoru üzrə stabilliyin qorunub saxlanmasında 3 istiqamətdə atılan addımların vəhdətini vurğulamaq lazımdır: Hökümət tərəfindən qəbul edilən sahibkarlıq fəaliyyətini dəstəkləyən və ümumilikdə iqtisadi və sosial yöndə həyata keçirilmiş tədbirlər, requlatorun tənzimləmə qaydalarında etdiyi müvafiq yumşaltmalar və biznes subyektlərinin borcları ilə əlaqədar güzəştləri, eləcə də banklar tərəfindən beynəlxalq təcrübə və yerli bazardakı vəziyyət araşdırılaraq atılan müvafiq addımlar.

Ölkə başçısının Sərəncamı və dövlət tərəfindən görülən işlər

Digər ölkələrin təcrübələri onu göstərirdi ki,  bu zaman tətbiq edilən ən effektiv qarşısı alma tədbiri “lockdown” –  “bağlanma”lardır. Bu məhdudiyyətlər isə ilk olaraq biznesə və əhaliyə, sonra isə bank-maliyyə sektoruna təsir edirdi. Başqa sözlə, dövlət tərəfindən epidemoloji şəraitə nəzarət ilə yanaşı həm də bu təsirlərin tənzimlənməsini təmin edəcək kompleks tədbirlər görülməsi lazım idi.

Bütün bu məsələlər isə dövlət səviyyəsində tam əhatəli və operativ şəkildə təşkil edildi. Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci tarixli Sərəncamı ilə bu proseslərə start verildi. 

Bu Sərəncam əsasında, Nazirlər Kabineti tərəfindən hazırlanmış müvafiq tədbirlər paketinin mərkəzində isə pandemiyadan təsirlənmiş sahələrdə çalışan və həssas əhali qrupu dayanırdı. İlk olaraq, 2020-ci  ilin aprel-may aylarında 2 dəfə (sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə və ümumilikdə 6 dəfəyə qədər) işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-rəsmi olaraq, çalışan şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, ümumi məbləği 450 milyon manat həcmində olan birdəfəlik ödəmələr (190 manat) həyata keçirildi. Bu ödənişlər isə əsasən banklar üzərindən edilirdi ki, olduqca böyük bir kütləni əhatə edən bu prosesin texniki cəhətləri və prosedurları ABA üzv təşkilatları və əlaqədar dövlət qurumları ilə birgə koordinasiya çərçivəsində tez bir zamanda müəyyən edildi, və ödənişlər reallaşdırıldı.

Qeyd edək ki, 600 min şəxs üçün nəzərdə tutulan bu ödəniş kartlarının hazırlanması xərclərini banklar öz üzərinə götürmüşdülər. Həmçinin banklar məhdudiyyətlərin ilkin tətbiq edildiyi dövrlərdə həssas əhali qrupuna məxsus sosial ödənişlərin verildiyi ödəniş kartları üzrə istifadə edilən ATM-in hansı banka məxsus olmasından asılı olmayaraq, nağdlaşdırma komissiyası tutmadan əməliyyatların həyata keçirilməsi üzrə birgə qərar qəbul etdilər.

Digər bir istiqamət isə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi,  fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi idi.

Müvafiq tədbirlər paketi çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əməkhaqqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara,  həmçinin əlavə olaraq 300 min fərdi (mikro) sahibkara dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə qərar verildi. Banklar da bu vəsaitlərin həm sahibkarlara ödənilməsi, həm də aidiyyatı üzrə xərclənməsinə nəzarətə birbaşa dəstək verdilər. Ümumilikdə, pandemiyadan zərər çəkmiş sahələrdəki muzdlu işçilərə göstərilən maliyyə dəstəyi 246 milyon manat, fərdi mikrosahibkarlara maliyyə dəstəyi isə 112,2 milyon manat təşkil etmişdir. Əmək haqlarının müəyyən hissəsinin ödənilməsinin birinci mərhələsi çərçivəsində 217,5 min muzdlu işçiyə, 2 mərhələdə 243,3 min muzdlu işçiyə, üçüncü mərhələdə 10 rayon üzrə 9,3 min muzdlu işçiyə, 4-cü mərhələdə 174,3 min muzdlu işçiyə maliyyə dəstəyi götərilmişdir.

Beləliklə, 2020-ci il ərzində sahibkarlara 358 milyon manatdan çox maliyyə dəstəyi göstərilmiş oldu.

Bununla yanaşı, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 iyun tarixli 1052 nömrəli Fərmanı və onun icrası üzrə sahibkarların subsidiya və dövlət zəmanəti ilə təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydaları da xüsusi ilə qeyd etmək lazımdır. Qeyd edilən qaydalar üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tədbirləri çərçivəsində pandemiyadan təsirlənən sahibkarların 1 milyard manata qədər olan mövcud kreditləri 12 ay ərzində 10%-ə qədər subsidiyalaşdırılır, həmçinin müvafiq sahələrdəki bizneslər 500 milyon manat həcmində yeni güzəştli kreditlərlə (60%-ə qədər dövlət zəmanəti və kredit faizinin yarısına qədər subsidiyanın verilməsi şərti ilə) təmin edilir. Vurğulamaq lazımdır ki, bu qaydaların hazırlanması prosesində və icrası prosesində ABA-nın Rəyasət Heyəti və müvafiq Ekspert Qrupları  müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq halında olmuşlardır. Fərmanın icrası nəticəsində 2020-ci il ərzində təqribən 170 milyon manat həcmində dövlət zəmanətli kreditlər ayrılıb, qalıq məbləği 482 mln. manat olan mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilmişdir.

Eyni zamanda, Dövlət Vergi Xidməti tərəfindən qanunvericiliyə dəyişiklik edilməsi təşəbbüsü oldu və nəticədə sahibkarlıq subyektlərinə, kiçik və orta sahibkarlara 115 milyon manat dəyərində geniş vergi güzəştləri və tətillər verildi. 

Requlyatorun rolu

Ümumiyyətlə, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) dövlət-özəl forumuna ən açıq və bu istiqamətdə uzunmüddətli təcrübəyə malik dövlət qurumlarından biridir. Bu cəhətdən AMB sektoru tənzimləyən və ya ona təsiri olan digər qərarların qəbulunda banklarla fikir mübadiləsinin aparılmasını hər zaman dəstəkləyir. 

Bu səbəbdən Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın “Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi” tədbirinin icrası çərçivəsində ABA üzv təşkilatları ilə fikir mübadiləsi aparılmış və banklardan müvafiq istiqamətdə təkliflər paketi alınmışdır. Sonrakı prosesdə AMB-nin İdarə Heyətinin 24.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə koronavirus pandemiyası şəraitində əhaliyə, biznesə və digər tərəfdən maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketi təsdiq edilmiş və “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” qəbul olunmuşdur. Nəticədə kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılmış, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilmişdir. Bununla yanaşı, kredit təşkilatlarına əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ kredit tarixçəsi barədə məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilmişdir. Pandemiya şəraitinin davam etməsi səbəbindən qəbul edilmiş bu və bu kimi güzəştlər 2021-ci ilin I rübünün sonuna qədər uzadılmışdır.

Bununla yanaşı, bankların filial və şöbələrində, eləcə də bankomatların qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyaları, sosial müavinət, təqaüd və kompensasiya ödənişləri, eləcə də ünvanlı dövlət sosial yardımları üzrə istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının istifadə müddətinin uzadılmasına qərar verilmiş və effektiv nəticələrə nail olunmuşdur.

Həmçinin pandemiya dövründə əhalinin təmassız ödəniş imkanlarını artırmaq üçün dünyanın bir çox ölkələrində PİN-kod daxil edilmədən təmassız kartlarla aparılan nağdsız əməliyyatların limitlərinin yüksəldilməsi təcrübəsi requlator tərəfindən ölkəmizdə də tədbiq edilmiş və bu əməliyyatlar üçün nəzərdə tutulan limit  50 (əlli) manat səviyyəsindən 100 (yüz) manata yüksəldilmişdir.

Həmçinin 16 sentyabr 2020-ci il tarixində pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər və bu vəziyyətdən çıxışla bağlı bank sektoru ilə əməkdaşlıq istiqamətlərinin müzakirəsinə hərs olunmuş Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası da keçirilmişdir. İclasda Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası təmsil olunmaqla yanaşı, sahibkarlar və bank nümayəndələri iştirak etmişlərdir. Ümumilikdə, sahibkarlara dəstək və onların problemlərinin öyrənilməsi məqsədi ilə məhdudiyyətlərin başladığı dövrdə ABA-nın törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzinin dəstəyi ilə bankların biznes müştəriləri arasında pandemiyanın təsirlərinin müəyyən edilməsi və maliyyə ehtiyacları ilə bağlı sorğu keçirilmiş və bu məlumatlar requlyatorla bölüşülmüş və fikir mübadiləsi aparılmışdır. Bu görüşdə isə sorğunun ilk aparıldığı dövrdən bəri baş verən dəyişikliklər və yerdə qalan çağırışların həlli istiqamətində təkliflər səsləndirilmişdir.

Yekun olaraq, pandemiya dövründə requlyator tərəfindən həm maliyyə sektorunun stabilliyinin qorunması, həm əhali və biznesin dəstəklənməsi, həm də ümumilikdə makroiqtisadi sabitliyin təmin edilməsində  təqdirə layiq addımlar atıldı və proseslər peşakarlıqla idarə edildi. ABA olaraq, bütün bu proseslər zamanı dövlət-özəl forumu çərçivəsində bu proseslərə qoşulmuş və mümkün dəstək kanalları ilə töhfə verməyə çalışmışıq və bunu daim davam etdirəcəyik.

Bankların rolu

Yuxarıda qeyd etdiyim məsələlər dövlət qurumları və requlyator tərəfindən tədbir, qayda və  mexanizmlərin formalaşdırılmasına və sonradan onların tətbiqi prosesinə bankların verdiyi töhfə üzərində qurulmuşdu.

Lakin banklar bu proseslərin əvvəlindən etibarən beynəlxalq təcrübəyə əsaslanan və yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılmış müxtəlif tədbirlər görməyə başlamışdırlar. Bunların ilki sahibkarlara 1-3 ay müddətinə kredit ödənişləri üzrə möhlətin verilməsi, başqa sözlə, restrukturizasiyanın tətbiqi idi. Bu proses banklar üçün xərcli olsa da (restrukturizasiya zamanı kreditin keyfiyyəti nisbətən pisləşir və ehtiyat yaradılmalı olur), dövrün tələbi olduğu üçün bu addımlar atıldı. Bununla paralel, bu prosesin məsafədən həyata keçirilməsi istiqamətində mümkün tədbirlər görüldü. Bundan əlavə, həyata keçirilməsi yalnız bank filiallarında mümkün olan əməliyyatlardakı təhlükəsizliyi təmin etmək üçün də bank daxili prosedurlar hazırlandı və tətbiq edildi.

Həmçinin banklar tərəfindən pandemiya dövründə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 7 milyon manatdan çox ianə edilmişdir.

Related posts

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

Zəhra Zümrüt: “İslam maliyyəsi bazarının həcmi 2026-cı ilə qədər 5,9 trilyon ABŞ dollarına çatacaq”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı