“PAŞA Bank”ın sədrinə daha bir vəzifə verilib

Bakıda keçirilən Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham-Azerbaijan”) illik iclası çərçivəsində Palatanın prezidenti və Direktorlar Şurasının yeni üzvləri seçilib.

Palatadan “APA-Economics”ə verilən məlumata görə, iclasda açılış nitqi ilə çıxış edən “AmCham-Azerbaijan”ın icraçı direktoru Natəvan Məmmədova daha sonra Direktorlar Şurasına namizədləri təqdim edib və onları öz platformaları ilə çıxış etmək üçün dəvət edib.

Öz çıxışında Natəvan Məmmədova il ərzində görülmüş işlərə görə hər kəsə minnətdarlığını bildirib və tutduğu vəzifəni tərk edən Vergi və Gömrük Komitəsinin sədri Bəxtiyar Aslanbəylinin, həmçinin Bank, Maliyyə və Sığorta Komitəsinin sədri Aytən Rüstəmovanın fəaliyyətini xüsusilə vurğulayıb.

Direktorlar Şurasının cari statusuna əsasən, 10 yerdən 6 vakant yer mövcud idi. “Baker McKenzie” şirkətinin idarəedici partnyoru Gündüz Kərimovun təlimatından sonra seçkilər baş tutub və nəticədə Direktorlar Şurasının altı yeni üzvü seçilib: “KPMG Azərbaijan” şirkətinin idarəedici partnyoru Vüqar Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “PAŞA Bank”ın İdarə Heyətinin sədri və icraçı direktoru Taleh Kazımov, “Landmark” biznes mərkəzinin biznes əməliyyatları üzrə direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu, “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə meneceri Əsəd Şirinov və “Ernst & Young Azərbaycan” şirkətinin idarəedici partnyoru İlqar Vəliyev.

İclas çərçivəsində prezident seçkilərinin nəticəsinə əsasən, “Deloitte Azərbaijan” şirkətinin idarəedici partnyoru Nuran Kərimov “AmCham-Azerbaijan”ın yeni prezidenti seçilib.

Mənbə: apa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır