Sığorta savadlılığının artırılması üçün maarifləndirici tədbirlər keçirilib

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli, 354S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın icrası məqsədilə  Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə Bakı şəhərinin 12 rayonunun İcra Hakimiyyətlərində 25 iyun 2019-cu il tarixində sığorta savadlılığının artırılması üçün maarifləndirici tədbirlər keçirilib.

“Sığorta həftəsi” çərçivəsində keçirilən tədbirlərdə qeyd olunan rayonlarda fəaliyyət göstərən sahibkarlar, müxtəlif dövlət qurumlarının, İcbari Sığorta Bürosunun, Azərbaycan Sığortaçılar Assosiasiyasının, həmçinin sığorta şirkətlərinin nümayəndələri iştirak edib. Tədbirlər zamanı sığortanın mahiyyəti, sığorta sektoru, könüllü və icbari sığorta növləri, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası barəsində təqdimatlar edilib.

Təqdimatlardan sonra interaktiv formatda keçirilən tədbirlərdə iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb, müvafiq mövzular üzrə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır