Prezident İlham Əliyev “Gülüstan” sarayında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edib.
Dövlət başçısı bildirib ki, bu gün keçirilən tədbir həm görülmüş işlərin yekunu, həm də gələcək planlarla bağlı baxışların paylaşılması üçün mühüm hadisədir:
“Bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq, həm də ən əsası gələcək planlarla bağlı öz baxışlarımızı bölüşürük. Çünki Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir”.
Prezident vurğulayıb ki, bu layihələrə artıq yüz milyonlarla dollar vəsait yatırılıb və xarici, eləcə də yerli investorların fəaliyyəti yüksək qiymətləndirilir:
“Mən bir daha həm xarici, həm yerli investorların fəaliyyətini bu qərara görə qiymətləndirirəm və onlara bir daha deyirəm ki, Azərbaycana sərmayə qoyun. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur. Bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun paraqraf, maddə, hətta bir söz belə dəyişdirilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir”, – Prezident İlham Əliyev söyləyib.