Pul bazası iyun ayının sonundan bəri 3.6% artmışdır

Ötən toplantıdan keçən müddətdə monetar şərait əsasən yumşalmışdır. Buna faiz dəhlizi parametlərinin iyunda azalma istiqamətində dəyişdirilməsi, kreditləşmənin dəstəklənməsi üçün görülən tədbirlər, eləcə də dövlət büdcəsi xərclərinin həyata keçirilməsilə bağlı vahid xəzinə hesabının qalığının azalması təsir göstərmişdir. Pul bazası iyun ayının sonundan bəri 3.6% artmışdır. Pul təklifi artmağa başlasa da, maliyyə bazarlarının müxtəlif seqmentlərində faiz dərəcələri fərqli istiqamətlərdə dəyişmişdir.

Pul siyasəti qərarlarının təsiri ilə son ayda Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələrinin, eləcə də dövlət qiymətli kağızlarının gəlirliyinin azalması müşahidə edilmişdir. Bu maliyyə alətləri üzrə hərraclarda tələbin təklifi üstələməsi ümumilikdə likvidliyin yüksək olduğunu göstərir. Pul bazarlarında orta faizlərin azalması pul siyasətinin transmissiyasının birinci həlqəsinin effektli olduğunu göstərir.

Ötən toplantıdan bəri depozit faizlərinə təsir göstərən başlıca amil sığortalanan əmanətlər üzrə maksimal faizin iyundan qaldırılması olmuşdur. Manatla əmanət faizlərinin faktiki və proqnozlaşdırılan inflyasiyanı əhəmiyyətli üstələməsi milli valyutada yığımların cəlbediciliyini və de-dollarlaşma proseslərini dəstəkləyir.

Kredit faizləri başlıca olaraq real sektorda pandemiyanın təsiri ilə artan risklərdən və bu risklərin banklar tərəfindən qiymətləndirilməsindən əhəmiyyətli təsirlənir. Mərkəzi Bankın pul siyasəti qərarları və pul bazarında faizlərin azalması qarşıdakı dövrdə kreditləşmə şərtlərinin də yumuşaldılması üçün zəmin yaradır. Pandemiyadan təsirlənən iqtisadi subyektlərin dəstəklənməsi üçün tənzimləyici yumşalmalar və dövlətin güzəştli kreditləşmə mexanizmlərinin tətbiqi də maliyyə resurslarına çıxış imkanlarını yaxşılaşdıracaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır