Qərb ölkələrinin Rusiya və İrana qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində dənizlərdə tarixdə görünməmiş həcmdə neft ehtiyatı toplanıb. İsveçrədə yerləşən “Gunvor Group” şirkətinin baş direktoru Torbjörn Tornqvistin sözlərinə görə, hazırda milyonlarla barrel neft müxtəlif tankerlərdə saxlanılır və bu, bazarda süni şəkildə sabitlik yaradır. O, “ADIPEC” enerji konfransında çıxışı zamanı bildirib ki, bu qədər neftin dövriyyədən kənarda qalması bazarda qiymət dəyişkənliyini azaltsa da, eyni zamanda gələcəkdə artıqlıq riski formalaşdırır. “Bu, misilsiz vəziyyətdir. Əgər sanksiyalar birdən aradan qaldırılsa, bazarda kəskin təklif artığı yaranar,” – deyə Tornqvist qeyd edib.
BBN.az xəbər verir ki, son aylarda Avropa İttifaqı, Böyük Britaniya və ABŞ Rusiyanın enerji sektoruna qarşı yeni məhdudiyyətlər tətbiq edib. Xüsusilə “Rosneft” və “Lukoil” kimi iri şirkətlərə qarşı sanksiyalar neftin satış marşrutlarını dəyişdirib və bir çox yüklərin “suyun üzərində qalmasına” səbəb olub. Enerji bazarlarının sabitliyi bu yolla qorunur, lakin ekspertlər xəbərdarlıq edirlər ki, yığılıb qalmış bu neft ehtiyatı gələn aylarda bazara axarsa, qiymətlərdə ciddi eniş müşahidə oluna bilər.
Digər enerji treyderləri də oxşar proqnozlar verir. “Mercuria Energy” şirkətinin rəhbəri Marko Dunand deyib ki, gələn il qlobal neft təklifi gündəlik tələbi 1–2 milyon barrel üstələyə bilər: “Hazırda qlobal anbarlar nisbətən boşdur, amma gəmilərdə saxlanılan neft həcmi çox yüksəkdir. Bu artıqlıq yavaş-yavaş bazara çıxmağa başlayacaq.”
Oktyabr ayında qlobal neft qiymətləri ardıcıl üçüncü dəfə azalıb, bunun səbəbi həm hasilatın artması, həm də qeyri-OPEC ölkələrinin bazara daha çox daxil olması ilə izah olunur. Ekspertlərin fikrincə, bu tendensiya Azərbaycan kimi enerji ixrac edən ölkələr üçün həm risk, həm də fürsət yaradır: bir tərəfdən Qərb sanksiyaları fonunda Azərbaycan neftinə olan maraq sabit qalır, digər tərəfdən isə potensial artıqlıq gələcək aylarda qiymətləri aşağı sala bilər.