“Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəniləcək 

Əmanətlərin Sığortalanması Fondundan (ADİF) yayılan məlumata əsasən, ADİF 22 avqust 2016-cı il tarixdən etibarən kompensasiyaların ödənilməsi prosesini “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC vasitəsilə həyata keçirir. Adı çəkilən banklarda qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli,  07/3 və  07/1 saylı qərarı ilə “Atrabank” ASC və “Qafqaz İnkişaf Bankı” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq, 14 avqust 2007-ci il tarixdə   30 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Atrabank” ASC  və 10 sentyabr 2007-ci il tarixdə 33 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Qafqaz İnkişaf Bankı” ASC  28 yanvar  2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və onlara verilmiş şəhadətnamə ləğv edilib.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)1594/2016 saylı Qərarlarına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş ərizə təmin olunmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin iflas proseduruna dair ərizəsi qüvvədə qalıb və “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-də 28 yanvar 2016-cı il tarixdə sığorta hadisəsi baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır