Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının yerləşdirilməsi üzrə rekord göstəricilər əldə edilib

1 avqust 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-nin (BFB) tiracət platformasında Qara Dəniz Ticarət və İnkişaf Bankının AZ2001021487 qeydiyyat nömrəli istiqrazlarının yerləşdirilməsi üzrə hərracda rekord göstəricilər əldə edilib.

Belə ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının 10 (on) milyon manat məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazları üzrə 81 (səksən bir) milyon manat məbləğində sifariş toplanıb. Beləliklə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 8 (səkkiz) dəfə üstələyib. Yerli qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutun milli valyutada emissiya etdiyi istiqrazlara investorlar tərəfindən rekord 63 (altmış üç) sifariş təqdim olunub.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə beynəlxalq maliyyə institutlarının istiqraz emissiyası üzrə beynəlxalq təcrübəyə uyğun stimullaşdırıcı hüquqi çərçivənin yaradılması, o cümlədən BFB-nin listinq qaydalarında beynəlxalq maliyyə institutlarının spesifikasiyasına uyğun listinq tələblərinin müəyyən edilməsi nəticəsində həmin təşkilatların istiqraz emissiyasına dair tələblər sadələşdirilib. Bu istiqamətdə atılan addımlar nəticəsində nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan qiymətli kağızlar bazarında ilk istiqrazlarını müvəffəqiyyətlə yerləşdirib.

Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1036.9251 AZN (7.25%), orta ölçülmüş qiyməti isə 1038.5984 AZN (7.16%) müəyyən olunub. Hərrac nəticəsində istiqrazlar tam şəkildə yerləşdirilib. Tədavül müddəti iki il (730 gün) olan istiqrazlar üzrə ödəmə tarixi 31 iyul 2021-ci ildir. İllik faiz dərəcəsi 9.25% təşkil edir və faizlər üç təqvim ayından bir ödənilir. Qeyd edilməlidir ki, 2019-cu ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının uzunmüddətli kredit reytinqi Standard & Poor’s tərəfindən “A-”,  Moody’s  tərəfindən A2 dərəcəsində müəyyən olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır