Qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb

Martın 15-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və İxraca Nəzarət sahəsində Əməkdaşlıq Bürosunun xarici əlaqələr üzrə zabiti, xanım Karen Çeyson ilə görüşüb. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, eləcə də gömrük işinin səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verib.

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Aydın Əliyev Azərbaycan gömrüyü ilə ABŞ-ın müxtəlif qurumları arasındakı  səmərəli əməkdaşlığın nəticəsi olaraq gömrük vergiləri, ixraca nəzarət sahəsində qanunvericiliyin hazırlanması, kinoloji xidmət itlərinin təlim mərkəzinin yaradılması və digər istiqamətlərdə mühüm nəticələr əldə olunduğunu bildirib. Komitə sədri bildirib ki, gömrük orqanları tərəfindən son iki ildə 3 ton 851 kq-dan çox narkotik, o cümlədən əksər hissəsi Avropaya aparılmaq üçün nəzərdə tutulan 1 ton 214 kq-dan çox heroin qanunsuz dövriyyədən çıxarılıb.

Aydın Əliyev hazırda ABŞ-ın dəstəyi ilə əqli mülkiyyət hüquqlarının qorunması sahəsində Azərbaycan gömrükçüləri üçün təlimlərin keçirildiyini və bu tədbirlərin gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasında mühüm rol oynadığını vurğulayıb və gələcəkdə bu əməkdaşlığın davam etdirilməsinin zəruriliyini bildirib.

ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və İxraca Nəzarət sahəsində Əməkdaşlıq Bürosunun xarici əlaqələr üzrə zabiti, xanım Karen Çeyson təmsil etdiyi qurumun Qafqaz ölkələrində həyata keçirilən proqramları üzrə rəhbər təyin olunduğunu və əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Daha sonra görüşdə Əfqanıstan gömrükçüləri üçün ABŞ Dövlət Departamentinin və Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Rergional Ofisində keçirilən təlimlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır