QDTİB və PAŞA Bankın tərəfdaşlığı nəticəsində ölkədə beynəlxalq maliyyə institutunun ilk istiqrazlar buraxılışı həyata keçiriləcək

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bankın dəstəyi ilə ölkənin kapital bazarlarında milli valyutada istiqrazların buraxılışını həyata keçirəcək.

Sözügedən emissiya beynəlxalq maliyyə institutu tərəfindən Azərbaycanda həyata keçiriləcək ilk istiqraz buraxılışı kimi tarixə düşəcək. Bu emissiyanın həyata keçirilməsində əsas məsləhətçilik xidmətlərini PAŞA Bank göstərir. İnvestorlar tərəfindən QDTİB-nin sözügedən kağızlarına göstərilən ilkin maraq emissiya həcmini bir neçə dəfə üstələyib.

İstiqraz buraxılışı bu ilin avqust ayının 1-də baş tutacaq və açıq auksion metodu ilə həyata keçiriləcək. Emissiyanın şərtləri aşağıdakı kimidir:

Ümumi həcm                                       10,000,000 AZN

Kupon faizi (illik)                                9.25%

Kupon ödənişi                                     Rüblük

Bir istiqrazın nominal dəyəri          1,000 AZN

PAŞA Bank haqqında

2007-ci ildə yaradılmış PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır. Bankın investisiya bankçılığı xidmətləri borc və səhm kapitalının cəlb olunması, istiqrazların ilkin bazarda yerləşdirilməsi, birləşmələr və qoşulmalar, sindikatlaşdırılmış kreditlərin təşkil olunması və kredit reytinqinin təyin olunması və artırılması üzrə məsləhətçilik xidmətlərini əhatə edir. Son illər ərzində PAŞA Bankın investisiya bankçılığı istiqamətində və yerli kapital bazarının inkişafı istiqamətində apardığı işlərin nəticələri yüksək qiymətləndirilir və 2017-2018-ci illərdə Bank “EMEA Finance” nüfuzlu beynəlxalq maliyyə nəşrinin “Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı” nominasiyası üzrə beynəlxalq mükafatına layiq görülüb.

www.pashabank.az

QDTİB haqqında

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan da daxil olmaqla, 11 üzvü olan ölkələr tərəfindən yaradılmış beynəlxalq maliyyə qurumudur. QDTİB qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB-ın əsas fəaliyyət istiqaməti Qara dəniz regionu ölkələrində regional əməkdaşlığın gücləndirilməsi və iqtisadi inkişafına töhfə verməsinə yönəlib. Bankın nizamnamə kapitalı 3.45 milyard avro təşkil edir. QDTİB “Standard and Poor’s” agentliyi tərəfindən uzunmüddətli “A-” reytinqinə və “Moody’s” agentliyi tərəfindən “A2” reytinqinə layiq görülüb.

www.bstdb.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır