Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi artıb

2019-cu ilin ilk doqquz ayında qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 1.8 milyard ABŞ dolları  artaraq 19.5 milyard ABŞ dolları ekvivalentində olub. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 81.8%-i ABŞ dollarında, 18.2%-i digər valyutalarda aparılıb. Bu barədə məlumat, Azərbaycan Mərkəzi Bankının yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında əks olunub.

Qeyri-nağd valyuta əməliyyatlarının 33.6%-i banklararası valyuta bazarında (BVB), 66.4%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

Hesabat dövründə BVB-də həyata keçirilən əməliyyatların 95.5%-i ABŞ dollarında 4.2%-i Avroda, 0.3%-i isə digər valyutalarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə isə əksərən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də isə valyuta əməliyyatlarının həcmi 12.9 milyard dollar ekvivalentində olub və bunun da 74.8%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib.

BDVB-də valyuta əməliyyatlarının 91.4%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşür.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılan əməliyyatların həcmi hesabat dövründə 4.1 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 3.2 milyard dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır