Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına üzv qurumların nümayəndələri əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi və qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi üçün Ankara şəhərində səfərdə olublar.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan işgüzar səfərdə , 8 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov edib.
Səfər zamanı Türkiyə Respublikasının Çalışma ve Sosyal Güvenlik Bakanlığında müstəşar cənab Ahmet Erdem və Xarici İşlər İdarəsinin rəhbəri cənab Oğuz Tuncay, həmçinin Türkiye İş Kurumu Genel Müdürlüğünün rəhbəri cənab Cafer Uzunkaya, Sosyal Güvenlik Kurumu Başkanlığının rəhbəri dr.Mühiddin Şahin və digər yüksək rütbəli rəsmilərlə işgüzar görüşlər keçirilib.