Qeyri-rezidentlərə əmək haqqının köçürülməsi necə hayata keçirilir?

Qeyri-rezidentlərə əmək haqqının köçürülməsi necə və hansı prosedurlarla köçürülməlidir?

BBN.az xəbər verir ki, bu barədə Mərkəzi Bank “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” na (Qaydalar) şərh verən zaman bildirib.

İşəgötürən tərəfindən işçiyə ödənilən əmək haqqı və onun ödənilməsi məsələləri əmək münasibətlərinə aiddir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək haqqı Azərbaycan Respublikasının pul vahidi – manatla ödənilir.

Qaydaların 4.3.12-ci yarımbəndi qeyri-rezidentlərə əmək haqqının xarici valyutada ödənilməsi qanunvericilikdə nəzərdə tutulduğu hallarda (məsələn, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin əməkdaşlarına) əmək haqlarının qeyri-rezidentlərin müvəkkil bankdakı və ya xaricdəki valyuta hesablarına köçürülməsini nəzərdə tutur. Müvəkkil bankdakı valyuta hesabına köçürülmüş əmək haqqını qeyri-rezident işçinin özü xaricə köçürə bilər.

Digər hallarda əmək müqaviləsi ilə xaricdən işə cəlb edilmiş qeyri-rezidentin iş yerinin Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasından kənarda olmasından asılı olmayaraq işəgötürən tərəfindən əmək haqqı onun xaricdəki hesabına köçürülə və ya müvəkkil bankdakı hesabına işəgötürən tərəfindən köçürülmüş əmək haqqını qeyri-rezident işçi özü konvertasiya edərək xaricə köçürə bilər.

Əmək haqqını bankdan alan qeyri-rezident fiziki şəxs işəgötürənin verdiyi müvafiq ödəniş tapşırığı əsasında hesabına daxil olmuş əmək haqqını əmək müqaviləsi təqdim etmədən (özünün və ya üçüncü şəxslərin hesabına) həmin bank vasitəsilə köçürə bilər.

Qeyri-rezident fiziki şəxsə ödənilməsi nəzərdə tutulan əlavələrin (mükafat, bonus) dəqiq məbləği əmək müqaviləsində qeyd olunmayıbsa, belə köçürmələr həmin əlavələrin qeyri-rezident işçiyə işəgötürən tərəfindən ödənildiyini sübut edən digər təsdiqedici sənəd əsasında aparıla bilər.

Elektron Hökumət Portalı vasitəsilə köçürmə əməliyyatının aparıldığı tarixdə alınan və elektron imza ilə təsdiq edilən iş yerinə dair arayışlar köçürmələrin aparılması üçün qəbul edilə bilər. Bu mümkün olmadıqda bankın məsul əməkdaşı üçün əyani olaraq vəsaiti köçürmək istəyən şəxsin Elektron Hökumət Portalındakı kabinetinə baxış keçirmək (daxil olmaq) imkanı təmin edildikdə, köçürmənin həyata keçirilməsi mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır