Qızıl qiymətlərində gözlənilməz dalğalanma: Müharibə siqnalları bazarı qarışdırdı
Qlobal bazarlarda qızılın qiyməti son günlərdə müşahidə olunan artım trendini itirərək enişə keçib. Buna səbəb ABŞ və İran arasındakı gərginliklə bağlı gələn ziddiyyətli xəbərlərdir. ABŞ Prezidenti Donald Trampın İranın strateji Hormuz boğazını yenidən açması üçün verdiyi ultimatum qızıl qiymətlərinə birbaşa təsir edib. Trampın mülki infrastrukturu hədəf ala biləcəyinə dair sərt ritorikası investorları ehtiyatlı davranmağa sövq edib. Hazırda spot qızılın qiyməti 0,7% dəyər itirərək bir unsiya üçün 4 644 dollar səviyyəsinə geriləyib. Maraqlıdır, aətən böhran və müharibə dövrlərində “təhlükəsiz liman” sayılan qızılın bu dəfə ucuzlaşmasının səbəb nədri? İlk öncə inflyasiya qorxusu. Bəli, neft qiymətlərinin kəskin artması inflyasiya riskini artırır, bu isə ABŞ dollarının möhkəmlənməsinə və faiz dərəcələrinin yüksək qalacağına dair gözləntiləri gücləndirir. Digər tərəfdən, ABŞ, İran və regional vasitəçilər arasında 45 günlük mümkün atəşkəs müzakirələri barədə yayılan xəbərlər gərginliyi müvəqqəti azaldaraq qızıldan qaçışı sürətləndirib. Ekspertlər hesab edir ki, investorlar hazırda qızılı deyil, ABŞ dollarını daha etibarlı aktiv kimi görürlər. Hormuz boğazı vasitəsilə dünya neft daşımalarının beşdə birinin həyata keçirildiyini nəzərə alsaq, bu su yolundakı hər hansı bir qəti addım qızılın taleyini həll edəcək.