ABŞ dollarının zəifləməsi və ticarət müharibəsi riskləri fonunda investorlar qızıla üz tutur
21 iyul 2025-ci il tarixində qızılın bir unsiyasının qiyməti dünya birjalarında 1,46% artaraq $3407,2 səviyyəsinə yüksəlib. Bu, son bir ayda qiymətin ilk dəfə $3400 həddini aşması ilə nəticələnib. Günü ərzində maksimum qiymət isə $3416,5 olub.
Mütəxəssislər qiymət artımını əsasən ABŞ dollarının zəifləməsi və 1 avqustda gözlənilən yeni ticarət rüsumları ilə bağlı qeyri-müəyyənliklərlə əlaqələndirirlər. ABŞ Ticarət Naziri Hovard Lütniq bildirib ki, ABŞ və Avropa İttifaqı arasında razılaşma mümkündür, lakin 1 avqust “sərt son tarix” olaraq qalır. Bu tarixə qədər razılaşma əldə olunmasa, ABŞ 150-dən çox ölkədən idxal olunan məhsullara 10–15% əlavə gömrük vergisi tətbiq edə bilər.
Beynəlxalq analitiklər qeyd edirlər ki, dolların zəifləməsi qızılı digər valyutalarda olan investorlar üçün daha cəlbedici edir. Məsələn, ABŞ dollarının digər əsas valyutalara qarşı məzənnəsini göstərən DXY indeksi 0,59% azalaraq 97,9 bəndə düşüb.
İnvestorların riskli aktivlərdən uzaqlaşıb “təhlükəsiz liman” hesab olunan qızıla yönəlməsi qiymətlərə təzyiq göstərməkdə davam edir. Analitiklər bildirirlər ki, əgər ABŞ-ın yeni gömrük tarifləri ilə bağlı qərarları və qarşı tərəflərin cavab addımları bazarda gərginlik yaradarsa, qızılın qiyməti yaxın günlərdə yenidən $3450–$3500 səviyyəsinə yüksələ bilər.
Maliyyə qrup “Finam” və PSB-nin analitikləri isə hesab edirlər ki, orta və uzunmüddətli dövrdə qızıl qiymətləri artmağa davam edə bilər. ABŞ Federal Ehtiyat Sistemi son iclasında ölkənin iqtisadi artım və inflyasiya proqnozlarını aşağı salıb ki, bu da dolların zəifləməsi və qızılın güclənməsi ehtimalını artırır.
Bəzi proqnozlara görə, əgər iqtisadi və geosiyasi risklər artarsa, qızılın qiyməti $4000/unsiya səviyyəsinə qədər yüksələ bilər.