“Qlobal Kibertəhlükəsizlik İndeksi 2024” üzrə əsas məqamlar və tövsiyələr

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən 194 ölkənin 5 sfera, 20 indikator üzrə 83 sual ətrafında qiymətləndirilməsi əsasında hazırlanmış “Qlobal Kibertəhlükəsizlik İndeksi 2024” (Global Cybersecurity Index 2024 – https://www.itu.int/en/ITU-D/Cybersecurity/Pages/global-cybersecurity-index.aspx) hesabatına əsasən, son illər ərzində əksər ölkələr tərəfindən kibertəhlükəsizliyin təmin olunmasına diqqət artırılmış və beləliklə, dünyanın bütün regionlarında nəzərəçarpan inkişaf əldə olunmuşdur. Cari hesabatda indikatorların ölçmə səviyyəsinə uyğun olaraq, 46 ölkə – T1 (“Nümunəvi”), 29 ölkə – T2 (“Təkmil”), 49 ölkə – T3 (“Formalaşma”),  56 ölkə – T4 (“Təkamül (etməkdə olan)”, 14 ölkə isə T5 (“Təməl”) inkişaf səviyyəsində qərarlaşmışdır.

Azərbaycanın da yer aldığı bu hesabatda ölkəmiz 100 mümkün xal üzərindən ümumilikdə 93.76 xal toplayaraq (GCI2020 indeksində toplanılmış xal – 89.31) yeni metodologiyaya əsasən “təkmil səviyyə”də qərarlaşmışdır. Əvvəlki hesabatla müqayisədə qiymətləndirilən 5 sferadan 4-ü (“Normativ-hüquqi tənzimləmə”, “Əməkdaşlıq”, “Potensialın inkişaf etdirilməsi” və “Təşkilati”) üzrə yüksəliş qeydə alınmış, “Texniki” sfera üzrə toplanılmış xalda azalma müşahidə edilmişdir (19.19-dan 18.02-ə). Bununla yanaşı, ümumi göstəricidə təqribən 4 xaldan çox (4.45 xal) yüksəliş qeydə alınmışdır.

QİYMƏTLƏNDİRMƏ NƏTİCƏLƏRİNƏ ƏSASƏN, DÜNYA ÖLKƏLƏRİ ÜZRƏ ƏSAS MƏQAMLAR AŞAĞIDAKI FORMADA ÜMUMİLƏŞDİRİLİR:

  • “Normativ-hüquqi tənzimləmə” əksər ölkələr üçün kibertəhlükəsizliyin ən güclü sütununu təşkil edib. Belə ki, 177 ölkədə sahə üzrə fundamental hüquqi tənzimləmə mexanimləri mövcuddur (və (və ya) hazırda inkişaf etdirilir).
  • “Kompüter İnsidentlərinə Qarşı Mübarizə Qrupları” (CIRT) milli kibertəhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, 139 ölkədə aktiv CIRT-lər var (2020-ci il indeksində bu göstərici 109 idi).
  • Milli kibertəhlükəsizlik strategiyaları daha geniş vüsət alıb. Hazırda 132 ölkədə milli kibertəhlükəsizlik strategiyası var (2020-ci il indeksində bu göstərici 107 olub).
  • Kibermaarifləndirmə kampaniyaları geniş yayılıb. Hesabata əsasən, 152 ölkədə kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və potensial risklərin aradan qaldırılması sahəsində aktiv maarifləndirmə təşəbbüsləri icra edilib.
  • Kibertəhlükəsizlik ekosistemi üçün stimullar inkişaf etməkdə davam edir: əksər ölkələrdə kibertəhlükəsizlik sənayesinin inkişaf etdirilməsi məqsədilə bir sıra mexanizmlər (güzəştlər, qrantlar, təqaüdlər və s.) tətbiq edilib. Eyni zamanda, kibertəhlükəsizlik sahəsində bilik və  bacarıqlarının yüksəldilməsi, habelə bu sahədə araşdırmaların təşviq edilməsi məqsədilə 127 ölkədə “Tədqiqat və inkişaf” potensialı inkişaf etdirilir.
  • Bir çox ölkələr mövcud sazişlər çərçivəsində kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edir. Belə ki, qiymətləndirilən ölkələrin 92%-i (166 ölkə) tərəfindən kibertəhlükəsizlik sahəsində əməkdaşlıq mexanizmləri tətbiq edilir.
  • Əksər ölkələrdə “Potensialın inkişaf etdirilməsi” və “Texniki” sferalarda atılan addımlara münasibətdə nisbətən passivlik müşahidə olunub. Belə ki, 123 ölkə tərəfindən kibertəhlükəsizlik sahəsində peşəkarlar üçün təlimlərin təşkil edildiyi bildirilib (2020-ci il indeksində bu say 105 olub). Bundan əlavə, 110 ölkədə milli və ya beynəlxalq səviyyədə tanınmış kibertəhlükəsizlik standartlarını tətbiq etmək üçün çərçivələrin olduğu bildirilib (2020-ci il indeksində bu say 103 olub).
  • Bacarıqların (potensialın) inkişafı üzrə təşəbbüslərin gücləndirilməsi zəruridir: 153 ölkə tərəfindən kibertəhlükəsizlik müəyyən səviyyədə milli kurrikulumlara inteqrasiya edilib, lakin kibertəhlükəsizlik üzrə təlimlər və məlumatlılığın artırılması sahəsində təşəbbüslər artmalıdır.
  • Uşaqların onlayn fəzada müdafiəsi məsələlərinə daha çox diqqət ayrılmalıdır: 164 ölkədə uşaqların onlayn müdafiəsi üçün hüquqi mexanizmlər tətbiq edilir. Bununla yanaşı, yalnız 94 ölkə tərəfindən aidiyyəti strategiya və təşəbbüslər barədə məlumat verilib ki, bu da, mexanizmlərin icra olunmasında boşluqların olduğunun göstəricisidir.

HESABATDA ÖLKƏLƏRƏ DİGƏR FƏALİYYƏTLƏRİN HƏYATA KEÇİRİLMƏSİ İLƏ YANAŞI AŞAĞIDAKI FƏALİYYƏTLƏRİN PRİORİTETLƏŞDİRİLMƏSİ TÖVSİYƏ OLUNUR:

  • bütün sektorlarda aydın, effektiv və ədalətli şəkildə tətbiq oluna bilən hüquqi mexanizmlərin formalaşdırılması və hüquqi tədbirlərin həyata keçirilməsi;
  • kibertəhlükəsizlik sahəsində təşəbbüslərə müxtəlif maraqlı tərəflərin yaxından cəlb edilməsi;
  • hərtərəfli milli kibertəhlükəsizlik strategiyasının və praktiki, konkret fəaliyyət planının hazırlanması və müntəzəm olaraq yenilənməsi;
  • kritik informasiya infrastrukturunun təhlükəsizliyin təmin olunması ilə bağlı problemlərin həll edilməsi;
  • insidentlərə cavab vermə imkanlarının genişləndirilməsi;
  • uşaqların onlayn müdafiəsi üçün effektiv tədbirlərin həyata keçirilməsi;
  • kibermaarifləndirmə təşəbbüslərinin genişləndirilməsi;
  • kibertəhlükəsizlik potensialının inkişaf etdirilməsi, o cümlədən tədqiqat və inkişafı təşviq etmək üçün həvəsləndirici mexanizmlərin yaradılması;
  • kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların gücləndirilməsi üçün kibertəhlükəsizlik üzrə peşəkarlar, kritik informasiya infrastrukturu subyektləri, gənclər və həssas qruplarla işin intensivləşdirilməsi, onlar üçün təlimlərin təşkil edilməsi;
  • məlumat mübadiləsi, təlim imkanları və potensialın inkişaf etdirilməsi üzrə ölkədaxili və beynəlxalq tərəfdaşlığın və əməkdaşlığın təşviq edilməsi.

Related posts

Süni intellekt sahəsində nəhəng əməkdaşlıq addımı atılıb

TikTok tətbiqi Azərbaycan dilində istifadəyə verilib

Vergi ödəyicisinin elektron kabineti geniş imkanlara malikdir – Video

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı