Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək.

BBN.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İSESKO-nun birgə təşkilatçılığı ilə Bakıda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfrans keçiriləcək. Əsasən rəqəmsal iqtisadiyyatları birləşdirən sərhədsiz elektron ticarət platformaları haqqında danışılacaq konfransda həmçinin transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivləri müzakirə ediləcək.

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirir ki, Azərbaycanda belə bir tədbiri təşkil etməklə həm Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı yeni formatda  təqdim ediləcək, həm də ölkəmizin elektron ticarət və elektron kommersiya, mobil və elektron identifikasiya, rəqəmsal hökümət və kibertəhlükəsizlik sahələrində əldə etdiyi nailiyyətlər, çətinliklər və imkanlar barəsində xarici təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsi aparılacaq : “Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafına, əsasən də informasiya və kommunikasiya sahəsinin daha da təkmilləşdirilməsinə verdiyi diqqətin nəticəsində dövlət tərəfindən bir çox elektron platformalar, rəqəmsal xidmətlər və onlayn resurslar yaradılıb. Bunlardan biri də Azərbaycanın “Rəqəmsal Ticarət Qovşağı”dır. Qovşaq dünyada həm yerli sahibkarlar üçün müxtəlif rəqəmsal həllər, həm də qeyri-rezidentlər üçün elektron xidmətlər təqdim edən yeganə platformadır.”

Qeyd edək ki, Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ABŞ, Tayland, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və digər ölkələrdən nümayəndələr olmaqla 10-dan artıq ölkədən 100-ə yaxın nümayəndə iştirak edəcək. Həmçinin Azexport portalının sıx əməkdaşlıq etdiyi Alibaba, Amazon, e-bay və digər beynəlxalq ticarət platformalarının nümayəndələri də müzakirələrə qatılacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi oktyabr ayının  31-də  keçirilməsi nəzərdə tutulan konfransla bağlı artıq son məqamları müzakirə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır