Rəqabətli 16 iyul hərracı: 11 dövlət əmlakı üzrə 14 sifariş verilib

Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət əmlaklarının özəlləşdirilməsində tətbiq etdiyi innovativ hərrac sistemi prosesdə iştirakı investorlar üçün daha əlçatan edir. Hərraca çıxarılmış bütün dövlət əmlakları üzrə elektron seçim və sifariş, o cümlədən özəlləşmədə virtual iştirak imkanı hər kəs üçün hərraclara onlayn qoşulmaq fürsətləri yaradır. Açıq və şəffaf hərraclardakı müasir şərait investorların dövlət əmlaklarının özəlləşdirməsinə marağını artırmağa, eləcə də vətəndaş məmnuniyyətinin və rahatlığının təminatına yönəlib. Eyni zamanda bu üstünlüklər özəlləşdirməni sürətləndirir, fərqli iqtisadi sahələr üzrə yeni biznes obyektlərinin yaranmasına və inkişafına dəstək verir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 16 iyul tarixində növbəti hərrac keçirilib. Bu dəfə 11 dövlət əmlakına ümumilikdə 14 sifariş verilib. Rəqabətli hərracda kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri, nəqliyyat vasitələri və yarımçıq tikili kimi dövlət əmlakları özəlləşdirilib.

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində komitə tərəfindən ümumilikdə 78 hərrac keçirilib, 270-ə yaxın dövlət əmlakı özəlləşdirilib. 62 dövlət əmlakı rəqabətli hərracda özəlləşdirilib. 74 dövlət əmlakı üzrə sifarişlər elektron formada verilmiş, 4 dövlət əmlakının hərracında sifarişçilər “Elektron hərrac” proqram təminatı vasitəsilə onlayn formada iştirak edib.

Komitənin təşkil etdiyi növbəti hərraclardan biri 23 iyul tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 80 dövlət əmlakı çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır