Rəqəmsal bankçılıq texnologiyaları: “Gözəgörünməz bankçılıq”

Rəqəmsal bankçılıq konsepsiyası uzun illərdir ki, bank sektorunun diqqət mərkəzində yer alan konsepsiyalardandır. Fintech innovasiyaları, ödəniş texnologiyaları, süni intellekt, analitika alətləri kimi bir çox predmeti özündə cəmləşdirən bu konsepsiya ənənəvi bankçılıqdan “gözəgörünməz” bankçılığa keçidi sürətləndirir. 

“Gözəgörünməz” bankçılıq istehlakçıların ödəniş vərdişlərini dəyişərək, uzunmüddətli prosedurların vaxtını saniyələrə endirməklə yanaşı, bankçılıq və ödəniş proseslərininin gündəlik yaşam tərzi ilə inteqrasiyasını təmin edəcək. Sözügedən bankçılıq konsepsiyasının predmetləri kimi aşağıdakılara nəzər sala bilərik:

Internet of Things (IoT) – IoT konsepsiyası bankçılıq sektorunun bir sıra gündəlik istifadə etdiyimiz alətlərə inteqrasiyası ilə tanınır. Mobil smartfonların ödəniş texnologiyaları ilə vəhdəti artıq əksər ölkələrdə mövcuddur və yerli əhali tərəfindən qəbul edilib. Artıq ödəniş texnologiyalarının bir sıra aksessuarlara inteqrasiyası üzrə layihələr həyata keçirilir. 2013-cü ildə start verilən “Google Glass” layihəsi iki il sonra uğursuzluğa düçar olsa da, “Amazon” tərəfindən “Alexa” ilə inteqrasiya edilmiş ödəniş funksiyalı eynək və üzük layihələri hələ də davam etməkdədir. “ING Bank” ilə “BMW” arasında tərəfdaşlıq çərçivəsində yanacaqdoldurma məntəqələrində və ödənişli keçidlərdə avtonom ödəniş funksiyasına malik avtomobillərin istehsalı üzrə pilot layihəyə start verilib.

Səsli Bankçılıq – Hazırda, milyonlarla insanın istifadəsində olan “Alexa”, “Siri”, “Cortana” kimi səs yönümlü texnologiyalar səsli bankçılıq xidmətinin yaradılmasında vacib fundament rolunu oynayır. “Amazon”, “Apple”, “Google” və “Zigbee Alliance” şirkətləri birgə tərəfdaşlıq nəticəsində səsli bankçılıq üzrə pilot layihəyə start vermək üçün işçi qrupu yaradıb. Yaradılan texnologiya nəticəsində, səsli ödənişlərin həyata keçirilməsi ilə yanaşı, cəmi bir neçə saniyədə səsli pul köçürmələrinin də həyata keçirilməsinin mümkünləşdiriləcəyi ehtimal edilir.

Banking-as-a-service – Bankçılıq xidmət növü kimi rəqəmsal bankçılıq konsepsiyasının ən yeni məhsullarındandır. Fintech şirkətləri ilə rəqabət sahəsində bankların həyata keçirdikləri bu xidmət vasitəsilə platformada üçüncü tərəf (third party) olan şirkətlər bankçılıq lisenziyası olmadan kreditləşmə və taksitləndirmə proseslərini həyata keçirə bilirlər. Hazırda banklar xidmət vasitəsilə pərakəndə satış məntəqələrinə qısamüddətli kreditləşmə, eləcə də aylara bölmə imkanı yaradaraq həm istehsalçıların, həm də istehlakçıların işini asanlaşdıra bilir.

American Banker

Related posts

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

ABB “Yaşıl dünya” təşəbbüslərinə dəstək olaraq BMT-nin Qlobal Sazişinə qoşuldu

Zəhra Zümrüt: “İslam maliyyəsi bazarının həcmi 2026-cı ilə qədər 5,9 trilyon ABŞ dollarına çatacaq”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı