Mərkəzi banklar tərəfindən idarə edilən rəqəmsal valyuta (CBDC) konsepsiyası artıq uzun müddətdir ki, dünya ölkələrinin diqqət mərkəzindədir. Bir sıra ölkələrdə artıq pilot layihə kimi icrasına başlanılan bu trendin artıq əksər İEÖ-lərdə araşdırma və tərtibat (R&D) proseslərinə başlanılıb.
Artıq əksər monetar institutların maraq mənbəyinə çevrilən bu konsepsiya haqqında hesabat tərtib edilib. Yeddi fərqli mərkəzi bank (“Bank of Canada”, “Bank of England”, “Bank of Japan”, “European Central Bank”, “Federal Reserve”, “Sveriges Riksbank”, “Swiss National Bank”) və BIS (“Bank for International Settlements”) arasında tərəfdaşlıq nəticəsində ərsəyə gətirilən bu hesabat özündə sözügedən valyutanın pərakəndə sektorda tətbiqinin siyası və praktiki cəhətdən araşdırmasını əks etdirib.
Rusiya Federasiyası da Mərkəzi Bank Rəqəmsal Valyutası konsepsiyasını xeyli irəlilədib. Belə ki, uzun müddətdir ki, tərtibat mərhələsində olan rəqəmsal rubl artıq bir neçə platforma üzərindən test mərhələsinə buraxılıb. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina tərəfindən verilən açıqlamaya əsasən, ilin sonunadək test mərhələsi yekunlaşdırılacaq və növbəti ildən rəqəmsal rubl istehlakçıların istifadəsinə veriləcək. Qeyd edək ki, Rusiya Federasiyası Mərkəzi Bankı kriptovalyutaların qadağan edilməsinin zəruriliyini özündə əks etdirən hesabat hazırlayıb və hesabat qanun layihəsi dəyişikliyi formasında parlamentə təqdim edilib. Kriptovalyutaların qadağan olunmasında əsas səbəb kimi, qeyri-mərkəzləşdirilmiş valyuta olması və bundan törənə biləcək maliyyə dələduzluğu riskləri ilə yanaşı, “rəqəmsal rubl” layihəsi də göstərilir.
Məlumat üçün qeyd edək ki, hazırda dünyada 5 ada ölkəsində (Baham adaları, Sent Kit və Nevis, Antiqua və Barbuda, Sent Lucia və Qrenada) CBDC-lərin pərakənda satış sektorunda tətbiqinə start verilib. 14 ölkədə isə pilot layihə olaraq testlərə başlanılıb.