Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

Bu platforma vasitəsilə vətəndaşların təqdim etdiyi rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğunu yoxlamaq mümkündür.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim edilən “mygov Checker” platforması vasitəsilə dövlət qurumları, təşkilatlar və şirkətlər vətəndaşların təqdim etdiyi rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğunu yoxlaya bilərlər.

Bu platforma, həm mobil tətbiq, həm də veb-sayt vasitəsilə fəaliyyət göstərir və vətəndaşlar tərəfindən “mygov”dan təqdim olunan rəqəmsal sənəd və məlumatların doğruluğunun yoxlanılmasını daha sürətli və təhlükəsiz edir. Qeyd edək ki, “mygov Checker” vasitəsilə şəxsiyyət vəsiqəsi ilə yanaşı, “mygov” platformasından əldə olunan digər sənəd və məlumatların da doğruluğunu yoxlamaq mümkündür. Xidmət göstərən qurumlar və təşkilatların möhür səlahiyyətli şəxsi (sədr, direktor və s.)  https://checker.e-gov.az/ portalına daxil olub, “mygov Checker” üzərindən yoxlamalar və digər əməliyyatları icra edəcək əməkdaşlarına müvafiq səlahiyyətlər verməlidir.

“mygov Checker”dən istifadə ilə bağlı ətraflı təlimatla buradan tanış ola bilərsiniz: https://checker.e-gov.az/static-files/istifade-telimati.pdf Vətəndaşlar rəqəmsal şəxsiyyət vəsiqəsini necə təqdim edə bilər? QR kod və sənəd nömrəsi vasitəsilə: Vətəndaş şəxsiyyət vəsiqəsini bölüşmək üçün “mygov” mobil tətbiqində “Paylaş” düyməsinə klik edir. Bu zaman ekranda dinamik QR kod və 8 simvoldan ibarət (hərf, rəqəm qarışığı) sənəd nömrəsi əks olunur. Operator “mygov Checker” tətbiqində “QR skan et” düyməsinə klik edərək QR kodu skan edə və ya həmin sənəd nömrəsi ilə axtarış edə bilər.

Həmçinin, https://checker.e-gov.az portalında da sənəd nömrəsi əsasında axtarış imkanı mövcuddur. Vətəndaşın sorğulanan rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatları operatorun smartfonunda və ya veb ekranda əks olunur. Elektron arayış vasitəsilə: Vətəndaş şəxsiyyət vəsiqəsinə aid elektron arayışı “mygov”dan yükləyərək təqdim edə bilir. Operator arayışdakı 16 simvoldan ibarət kodu mobil tətbiq və ya veb portalda “Sənəd nömrəsini daxil edin” hissəsinə yazaraq “Yoxla” düyməsinə klik edir.

Vətəndaşların təqdim etdiyi məlumatların yoxlama tarixçəsi “mygov” mobil tətbiqində “Paylaşdığım məlumatlarım” bölməsində əks olunur.  Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, rəqəmsal şəxsiyyət vəsiqəsi fiziki şəxsiyyət vəsiqəsi ilə bərabər hüquqi qüvvəyə malikdir. Vətəndaşlar onlardan fiziki şəxsiyyət vəsiqəsi tələb olunan istənilə halda “mygov” üzərindən öz rəqəmsal şəxsiyyət vəsiqələrini təqdim edə bilərlər.

Related posts

Google 20 milyard dollarlıq sərmayə qoymağa hazırlaşır

“Energetika sektorunda kibertəhlükəsizlik” mövzusu üzrə dəyirmi masa formatında müzakirə keçirilib

Azərbaycanda ilk dəfə olaraq ayaqqabı istehsalçısı beynəlxalq standartlara uyğunluq sertifikatları alıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı