Pərakəndə bankçılıq və kredit sığortası sahəsində fəaliyyət göstərən Ekspert Qrupu bank sektorunda innovasiyaların təşviqi, müştəri məmnuniyyətinin artırılması və rəqəmsal transformasiyanın sürətləndirilməsi məqsədilə bir sıra strateji əhəmiyyətli layihələr üzərində işləyir.
Ekspert Qrupunun bildirdiyinə görə, qrupun yaradılmasında əsas məqsəd pərakəndə bankçılıq xidmətlərində innovativ yanaşmaların tətbiqini sürətləndirmək, kredit sığortası məhsullarının inkişafını daha çevik və operativ şəkildə həyata keçirməkdir. Eyni zamanda banklar arasında əməkdaşlığın gücləndirilməsi və qanunvericilikdə baş verən dəyişikliklərə vaxtında adaptasiya da prioritet istiqamətlərdəndir.
Hazırda qrupun əsas diqqət mərkəzində Azərbaycan Mərkəzi Bankının 16 may 2024-cü il tarixli qərarı çərçivəsində borcalanın həyat və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də borcalanın məşğulluğunu itirməsi halından sığorta məhsulunun yaradılması ilə bağlı müzakirələr dayanır.
Ekspert Qrupu qeyd edir ki, son illərdə müştərilərin bank xidmətlərindən gözləntiləri əhəmiyyətli dərəcədə dəyişib. Daha sürətli, rahat və rəqəmsal həllərə tələbat artıb. Banklar müştəri rəylərini sistemli şəkildə toplayır və təhlil edir, əməkdaşların mütəmadi təlimlərə cəlb edilməsi isə xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin yüksəldilməsinə xidmət edir.
Bununla yanaşı, bank və sığorta sektorunda innovativ məhsulların tətbiqi əsas prioritetlərdəndir. Hazırda kredit müqavilələri üzrə borcalanın məşğulluğunu itirməsi halından sığortalanması məhsulu ilə bağlı konkret təkliflər üzərində iş aparılır.
Ekspert Qrupunun məlumatına görə, onlayn kreditləşmə, mobil tətbiqlərin təkmilləşdirilməsi və süni intellekt əsaslı xidmətlərin tətbiqi istiqamətində müzakirələr aktiv şəkildə davam edir. Məqsəd müştərilərə daha şəffaf, əlçatan və fərdiləşdirilmiş bank məhsulları təqdim etməkdir.
Qrup beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi önəm verir. Bu çərçivədə müxtəlif ölkələrə işgüzar səfərlər həyata keçirilib, yeni regionlara səfərlər isə planlaşdırılır. Beynəlxalq təcrübənin tətbiqi bank xidmətlərinin keyfiyyətinin artırılmasına və qabaqcıl bazar modellərinə uyğunlaşmaya imkan yaradır.
Ekspert Qrupu hesab edir ki, yaxın illərdə bank sektoru rəqəmsal texnologiyaların geniş tətbiqi və müştəriyönümlü yanaşmalar hesabına ciddi transformasiyaya məruz qalacaq. Kredit sığortası üzrə innovativ məhsulların yaradılması və qanunvericiliyə çevik adaptasiya sektorun dayanıqlı inkişafını təmin edəcək.