Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və “PwC Azərbaycan” (PricewaterhouseCoopers) şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rəqabət Məcəlləsində nəzərdə tutulan yeniliklərdən bəhs edilib, müvafiq bazar və bazar payının müəyyənləşdirilməsi, təmərküzləşmələrin tənzimlənməsi qaydaları izah edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dəstəyi və “PwC Azərbaycan” (PricewaterhouseCoopers) şirkətinin təşkilatçılığı ilə rəqabət qanunvericiliyində müvafiq bazar, bazar payı və təmərküzləşmələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə “PwC Azərbaycan” şirkətinin nümayəndələri Gülnar Zülfüqarova və Nəzrin Haqverdiyeva Rəqabət Məcəlləsinin qüvvəyə minməsi, bu zaman qüvvədən düşən qanunlar barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Bildirilib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində qarşılıqlı dialoqun davam etməsi və bazara mühim təsiri olan qanunvericilik dəyişikliklərinin düzgün anlaşılaraq açıq müzakirə edilməsi çox əhəmiyyətlidir.
Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Yeni rəqabət qanunvericiliyinə əsasən müvafiq bazar, bazar payı və onun müəyyənləşdirilməsi” mövzusunda təqdimatla çıxış edərək Rəqabət Məcəlləsində nəzərdə tutulan yeniliklərdən bəhs edib. Bundan əlavə, rəqabət siyasəti, rəqabət tənzimləmələrinin əsas istiqamətləri, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri barədə iştirakçılara məlumat verilib.
Tədbir çərçivəsində Antiinhisar Nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov “Yeni rəqabət qanunvericiliyində təmərküzləşmələrin tənzimlənməsi” mövzusunda təqdimatla çıxış edib. Tədbir iştirakçılarına təsərrüfat subyektlərinin təmərküzləşməsi, təmərküzləşmə hesab olunan hallar, razılıq alınması tələb olunan təmərküzləşmələr, eləcə də təmərküzləşmələrin qiymətləndirilməsi barədə ətraflı məlumat verilib.
Sonda yeni rəqabət qanunvericiliyinin tətbiqi nəticəsində ortaya çıxan, həmçinin təmərküzləşmələrin tənzimlənməsinə dair rast gəlinən praktik məsələlərin müzakirəsi aparılıb.