Rabitəbank aztəminatlı ailələrə dəstəyini davam etdirir


Rabitəbank ASC aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən Özünüməşğulluq proqramında aktiv iştirakını davam etdirir. Bu dəfə bank tərəfindən daha 7 ailənin şəxsi biznesinin qurulmasına dəstək məqsədilə avadanlıqlar təhvil verilib.

Layihə çərçivəsində Rabitəbankın dəstək göstərdiyi vətəndaşlar paytaxt sakinləri Abbasov Kamal, Yadigarova Gülşən, Əzizova Mahrux, Şamaxı sakini Atamalıyeva Rəna, Astara sakini Hüseynov Mayis və Kürdəmir rayon sakinləri Veysəlov Rəşadət, Süleymanov Ayaz fərdi sahibkarlıqla məşğul olmaq üçün təmənnasız aktivlərlə təmin olundular. 

Qeyd edək ki, bütün bu tədbirlər əhalinin iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaranmasına, vergi ödəyicilərinin çoxalmasına xidmət edir. Rabitəbank hər zaman qadın sahibkarların gücünə inanır və qadınların məşğulluğunun təmin edilməsi üçün durmadan çalışır. Kiçik biznes qurmaqda köməklik göstərdiyimiz aztəmaniatlı vətəndaşlar arasında 3 qadın sahibkarımızın olması məhz bu dəstəyin göstəricisidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandumun icrasını həyata keçirən Rabitəbank ilin sonunadək fərqli regionlarda vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, “Rabitabank Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır