Radiotezliklərdən istifadəyə görə ödəniş mexanizmi dəyişdirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”na dəyişiklik edib.

Dəyişikliklə bağlı müvafiq qərarı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıb.

Qərara əsasən, radiotezliklərdən istifadəyə görə ödəniş mexanizmi yenilənib. Belə ki, bundan sonra ödəniş tezliyə görə deyil, həmin tezlikdə fəaliyyət göstərən hər bir radioelektron vasitəsinə (REV) görə hesablanacaq. Bu dəyişiklik REV sayı çox olan operatorlar üçün ödəniş məbləğinin artmasına, REV sayı az olan operatorlar üçün isə ödənişin dəyişməməsinə səbəb olacaq. Nəticədə hesablamalar daha detallı və fərdi xarakter daşıyacaq, dövlət üçün isə uçot və nəzarət imkanları genişlənəcək.

Qeyd edək ki, indiyədək ödənişlər radiotezlik və ya radiotezlik kanalı üzrə ümumi şəkildə hesablanırdı. Eyni tezlikdə bir neçə REV istifadə edən operatorlardan yalnız bir dəfə ödəniş tutulurdu.

Qərarla bağlı Nazirliyin Hüquq şöbəsinə sənədin 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Related posts

Azərbaycanda “Chrome” brauzerinin bazar payı artıb

Azərbaycanda AI “chatbot” bazarında liderlik ChatGPT-də qalır

Azərbaycanda mobil cihazların bazar payı azalır, kompüterlərin payı artır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı