Reuters: Çin dünya neft qiymətlərinə OPEC+-dan daha güclü təsir göstərməyə başlayıb

“Reuters”in Asiya üzrə enerji və xammal bazarları analitiki Klayd Rasselin fikrincə, 2025-ci ildə Çin dünya neft qiymətlərinə təsir baxımından OPEC+ ölkələrini geridə qoymağa başlayıb.

Ekspert bildirir ki, dünyanın ən böyük neft idxalçısı olan Çin xam neftin idxal həcmini artırmaq və ya azaltmaqla faktiki olaraq bazarda qiymətlərin aşağı və yuxarı hədlərini müəyyən edir. Onun sözlərinə görə, 2022-ci ildə OPEC+ ölkələri, o cümlədən Rusiya tərəfindən neft hasilatının azaldılması qlobal qiymətlərin artımını dəstəkləmişdi. Lakin bu təsir cari ilin aprelində OPEC+ hasilat ixtisarlarını mərhələli şəkildə ləğv etməyə başladıqdan sonra zəifləyib.

Hazırda bazarda neft bolluğunun formalaşması fonunda OPEC+ gözləmə mövqeyi tutub və gələn ilin birinci rübündə hasilatı mövcud səviyyədə saxlamağı planlaşdırır. Rasselin fikrincə, bu vəziyyətdə bazardakı artıqlığın idarə olunması əsasən Çinin üzərinə düşür.

Analitik qeyd edir ki, Çinin 2026-cı ildə atacağı addımlar hazırda dünya neft bazarındakı ən böyük qeyri-müəyyənlik olaraq qalır və digər bazar iştirakçıları böyük ehtimalla Pekinin siyasətinə uyğun şəkildə strategiyalarını yenidən formalaşdıracaqlar.

Əgər Çin son dövrlərdə olduğu kimi strateji ehtiyatlarını artırmağa davam edərsə, bu, 2026-cı il üçün proqnozlaşdırılan neft artıqlığının böyük hissəsinin Çin anbarlarına yönəlməsi demək olacaq. Bu halda neft qiymətlərinin minimum səviyyədə yenidən Çin tərəfindən dəstəklənəcəyi istisna edilmir.

“Çin ehtiyatların həcmini qiymət formalaşdırma aləti kimi istifadə etməyə hazırdır. Dəniz yolu ilə Çinə xam neft tədarükü sutkada təxminən 10 milyon barel təşkil edir ki, bu da qlobal dəniz daşımalarının təxminən dörddə birinə bərabərdir. Bu baxımdan, Pekinin hazırkı siyasətinin neft bazarlarında əsas həlledici amilə çevrilməsi tamamilə mümkündür”, — deyə Klayd Rassel vurğulayıb.

Related posts

“Brent” markalı neft 64 dolları ötüb

“Goldman Sachs”: Təklifin artması fonunda neft qiymətləri enəcək

Azərbaycanda 2025-ci ildə neft hasilatı 27,7 milyon ton olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı