“Şəki-Zaqatala iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiya imkanları” mövzusunda işgüzar forum keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 3-də “Şəki-Zaqatala iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiya imkanları” mövzusunda işgüzar forum keçirilib. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda ətraf rayonlardan olan 100-dək sahibkarlıq subyekti, iş adamı iştirak ediblər. 

Forumun əsas məqsədi müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq olunan yeni yanaşmalar, müasir üsullar haqqında məlumatlandırmaq və onları özəlləşmə prosesinə aktiv şəkildə cəlb etməkdir. Eləcə də regionlarda fəaliyyət göstərən iş adamlarını dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan müəssisələr barədə maarifləndirməkdir.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdirinin müavini Yalçın Camalov çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Fərmanına əsasən müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmə prosesi sürətləndirilir. Strateji yol xəritələrində də göstərildiyi kimi özəlləşmə prosesinə investorların aktiv cəlb edilməsi bu sahənin statistikasının iqtisadi göstəricilərdə müsbət olması istiqamətində mühüm tədbirlər reallaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır