“Səmərəli vergi sisteminin təşviq edilməsi” tədbiri üzrə işçi qrupun yekun iclası keçirilib

Vergilər Nazirliyində «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»nin Tədbirlər Planında nəzərdə tutulan səmərəli vergi sisteminin təşviqi edilməsi tədbiri ilə bağlı 2017-ci il ərzində görülən işlər müzakirə edilib.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva vergilər nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupun fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, strateji yol xəritələrində müəyyən edilən tədbirlərin icrası məqsədilə kiçik və orta sahibkarlıq subyektlərinin üzləşdiyi problemlərlə yaxından tanış olmaq, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərini müzakirə etmək üçün sahibkarlıq subyektləri ilə silsilə görüşlər keçirilib.

 

S.Musayeva bildirib ki, işçi qrup tərəfindən ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi güzəştlərinin və azadolmalarının monitorinqinin aparılması, onların səmərəliliyinin müəyyən edilməsi, eləcə də vergi qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihə hazırlanıb. Bu sənədlərdə sabit vergi məbləği haqqında qəbzin əhatə dairəsinin genişləndirilməsi, eləcə də hüquqi şəxslərin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi,  məlumat dəyişikliyi prosedurunun sadələşdirilməsi kimi məsələlər nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır