ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sisteminin (FED) yeni sədri vəzifəsinə Kevin Warşı namizəd göstərməsindən sonra qızıl qiymətləri kəskin şəkildə geriləyib.
Bazar ertəsi günü spot qızılın qiyməti 5%-ə qədər düşərək 4 586 dollar/unsiya səviyyəsinə enib. Aprel ayı üçün qızıl fyuçersləri isə 0,8% azalaraq 4 703 dollar/unsiya olub. Qeyd edək ki, qızıl ötən həftə təxminən 5 600 dollar ilə tarixi maksimuma çatmışdı.
Ucuzlaşma digər qiymətli metallara da təsir edib:
Gümüş: -7,5% → 78,35 dollar
Platin: -3,8% → 2 089 dollar
Analitiklərin fikrincə, Warşın namizədliyi bazarlarda qeyri-müəyyənliyi azaldaraq “təhlükəsiz liman” kimi qızıla olan tələbi zəiflədib. Eyni zamanda, Warşın inflyasiya ilə bağlı sərt mövqeyi və aktiv alış proqramlarına qarşı olması uzunmüddətli perspektivdə faiz dərəcələrinin kəskin endirilmə ehtimalını azaldır.
Bu proses fonunda ABŞ dolları da möhkəmlənib, bu isə qızıl və digər metallara əlavə təzyiq yaradıb.
Buna baxmayaraq, qızıl yanvar ayını təxminən 15% artımla başa vurub. Ay ərzində Yaxın Şərqdə artan gərginlik və geosiyasi risklər qiymətlərin yüksəlməsinə səbəb olmuşdu.
Son günlərdə ABŞ və İran arasında mümkün danışıqlarla bağlı xəbərlər də bazarlarda risk iştahını artıraraq qızıla olan tələbi azaldıb.
Bu həftə investorların diqqəti əsasən ABŞ əmək bazarı göstəricilərinə, xüsusilə cümə günü açıqlanacaq Nonfarm Payrolls hesabatına yönəlib.