
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics” süni intellekt serverlərində istifadə olunan yüksək tutumlu yaddaş çiplərinə artan qlobal tələbat sayəsində üçüncü rübdə mənfəətini əhəmiyyətli dərəcədə artırıb.
BBN.az xəbər verir ki, hesabata görə, şirkətin iyul–sentyabr ayları üzrə gəliri ötən rüblə müqayisədə 9 faiz artaraq 86 trilyon von (təxminən 60,4 milyard dollar) səviyyəsinə çatıb. Bu nəticə “Samsung” tarixində ən yüksək rüblük gəlir göstəricisi kimi qeydə alınıb.
Şirkətin əməliyyat mənfəəti isə 12,2 trilyon von (təxminən 8,6 milyard dollar) təşkil edib. Bu, əvvəlki rüblə müqayisədə təxminən 160 faiz artım deməkdir.
Qeyd edilir ki, əvvəlki dövrlərdə yarımkeçirici məhsullardan əldə olunan gəlir, inventar qiymətlərinin yenidən qiymətləndirilməsi və Çinə texnologiya ixracına tətbiq edilən məhdudiyyətlər səbəbindən azalmışdı.
Ekspertlərin fikrincə, süni intellekt serverlərinə və yüksək performanslı DRAM və HBM yaddaş çiplərinə artan maraq “Samsung”un mənfəət artımını növbəti rüblərdə də davam etdirə bilər.







